Logo

Tarixdə ilk kişi hərəmxanasını quran qadın: 30 kişi istədi, faciəvi sonluqla üzləşdi

Tarixdə ilk kişi hərəmxanasını quran qadın: 30 kişi istədi, faciəvi sonluqla üzləşdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tarixdə hakimiyyət, imtiyaz və qadın-kişi bərabərliyi ilə bağlı qeyri-adi hadisələr az olmayıb. Onlardan biri də V əsrdə Çində yaşamış Şanyin şahzadəsi Liu Çuyunun hekayəsidir.

Saraydakı kişilərin çoxsaylı qadınlarla yaşamasını ədalətsizlik hesab edən şahzadə qardaşından özü üçün də oxşar şərait yaradılmasını istəyib. Onun bu tələbi isə tarixə düşən qeyri-adi hadisələrdən birinə çevrilib.

Sfera.az xəbər verir ki, Liu Çuyu Çin tarixində Sonq sülaləsinin hakimiyyəti dövründə yaşayıb. O, imperator Syaovunun qızı, sonradan taxta çıxan imperator Liu Ziyenin isə bacısı olub.

Atalarının ölümündən sonra Liu Ziye hakimiyyətə gəlib. Həmin dövrdə imperatorun sarayında çoxsaylı qadınların yaşadığı, şahzadənin isə yalnız bir əri olduğu bildirilib. Bu vəziyyətdən narazı qalan Liu Çuyu qardaşına müraciət edərək onun yüzlərlə qadınla əhatə olunduğunu, özünün isə belə imkanlara sahib olmadığını deyib. O, bu fərqi ədalətsizlik kimi qiymətləndirərək özü üçün də kişi xidmətçilərdən ibarət xüsusi çevrə yaradılmasını istəyib.

Tarixi salnamələrə görə, imperator bacısının istəyini qəbul edib və onun üçün 30 yaraşıqlı kişi seçilməsinə göstəriş verib. Həmin kişilər şahzadənin sarayına göndərilib və onun şəxsi çevrəsinə daxil ediliblər. Çin mənbələrində bu şəxslər üçün işlədilən “mianşou” ifadəsi də sonralar yüksək təbəqədən olan qadınların kişi sevgililərini ifadə edən anlayış kimi tanınıb.

Liu Çuyunun saraydakı nüfuzu və qardaşı ilə yaxın münasibəti ona bir sıra imtiyazlar qazandırsa da, onun istəkləri bununla məhdudlaşmayıb. Mənbələrdə şahzadənin saray məmurlarından Çu Yuana xüsusi maraq göstərdiyi, onun da öz çevrəsinə daxil edilməsini istədiyi qeyd olunub. İmperator bu tələbə də razılıq versə də, Çu Yuan şahzadənin yaxınlaşmaq cəhdlərini qəbul etməyib.

Lakin şahzadənin imtiyazlı həyatı uzun sürməyib. 465-ci ildə imperator Liu Ziye saray çevrilişi nəticəsində öldürülüb. Bundan sonra hakimiyyətə şahzadənin əmisi Liu Yu gəlib və imperator Min adı ilə taxta çıxıb. Yeni hakimiyyətin qurulması ilə Liu Çuyunun da taleyi dəyişib.

Tarixi qeydlərə əsasən, yeni imperatorun hakimiyyətə gəlməsindən sonra şahzadə əxlaqsız davranışda və saray qaydalarını pozmaqda ittiham olunub. Ona intihar etməsi barədə əmr verilib. Beləliklə, bir vaxtlar imperatorun bacısı kimi sarayda xüsusi mövqeyə sahib olan Liu Çuyunun həyatı faciə ilə başa çatıb.

Şanyin şahzadəsinin hekayəsi bu gün də Çin tarixinin mübahisəli epizodlarından biri kimi xatırlanır. Onun davranışları dövrün əxlaq normaları baxımından tənqid edilsə də, hadisənin başqa tərəfi də diqqət çəkib. Belə ki, kişilərin çoxsaylı qadınlarla münasibətinin adi qarşılandığı bir saray mühitində qadının eyni imtiyazları tələb etməsi ciddi narazılıq doğurub.

Qeyd edək ki, şahzadə haqqında məlumatlar Çin tarixinin klassik salnamələrində, o cümlədən “Sonq tarixi” və “Zizhi Tongjian” əsərlərində yer alıb.

Bəsti Rəfizadə
Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR