Televiziya və Radio İşçilərinin peşə bayramıdır
Noyabrın 6-da Azərbaycanda Televiziya və Radio İşçilərinin peşə bayramı günü qeyd olunur.
Sfera.az xəbər verir ki, bu əlamətdar tarix 1926-cı il noyabrın 6-da Bakıda ilk radio verilişinin yayıma başlaması ilə əlaqədardır. Həmin gün paytaxtın küçə və meydanlarında quraşdırılmış səsgücləndiricilərdən ilk dəfə “Danışır Bakı!” ifadəsi səsləndirilib. Bununla da Azərbaycanda radio yayımının əsası qoyulub. Bu il Azərbaycan radiosunun fəaliyyətə başlamasından 100 il ötür.
Azərbaycan Televiziyasının tarixi isə 1956-cı il fevralın 14-dən başlayır. Həmin gün Bakı Televiziya Studiyası ilk dəfə efirə çıxıb. İlk televiziya yayımında ekranda Xalq artisti Nəcibə Məlikova görünüb və “Göstərir Bakı” sözləri ilə tamaşaçıları salamlayıb. Həmin gün efirdə “Bəxtiyar” bədii filmi də nümayiş etdirilib. Sonrakı illərdə ölkədə televiziya və radio yayımı genişlənib, yeni radio proqramları və televiziya kanalları fəaliyyətə başlayıb. Rəngli televiziya yayımına keçid, regional televiziya stansiyalarının yaradılması və texnoloji yeniliklərin tətbiqi bu sahənin inkişafında mühüm mərhələlər olub.
Bu gün televiziya və radio yalnız informasiya mənbəyi deyil, həm də cəmiyyətin maariflənməsində, milli-mənəvi dəyərlərin qorunmasında, ictimai fikrin formalaşmasında və ölkənin dünyada tanıdılmasında mühüm rol oynayır.
Bəsti Rəfizadə
Sfera.az






