Subaylara müjdə: bu ölkəyə 4 günlük pulsuz səfər hədiyyə olunur
Dünyanın ən xoşbəxt ölkələri sırasında göstərilən Finlandiya qış turizmini və yerli mətbəxini tanıtmaq məqsədilə maraqlı kampaniyaya “start” verib.
Sfera.az xəbər verir ki, “Finnish Dinner Date” adlanan layihə çərçivəsində dünyanın müxtəlif ölkələrindən seçiləcək 16 subaya Finlandiyada dörd günlük pulsuz tətil imkanı yaradılacaq.
Finlandiyanın Turizm Ofisi “Visit Finland” tərəfindən təşkil edilən proqramda iştirakçıların aviabiletləri, yerləşmə, yemək və tədbir xərcləri qarşılanacaq.
2027-ci ilin fevralında keçiriləcək proqram həm Finlandiya mədəniyyətini tanıtmağı, həm də müxtəlif ölkələrdən olan subay şəxsləri bir araya gətirməyi hədəfləyib.
Fevralın 9-dan 19-dək keçiriləcək proqram üçün seçilən 16 nəfər səkkiz nəfərlik iki qrupa bölünəcək.
Qruplardan biri Finlandiyanın paytaxtı Helsinki şəhərini, digəri isə göllər bölgəsində yerləşən Tampere şəhərini ziyarət edəcək.
Dörd günlük proqram çərçivəsində şəhər gəzintiləri, açıq hava fəaliyyətləri, sauna təcrübəsi və Finlandiyanın yerli mədəniyyətini tanıdan müxtəlif tədbirlər təşkil olunacaq.
İştirakçılar hansı şəhərə gedəcəklərini özləri seçə bilməyəcəklər. Onların səfər edəcəkləri məkan proqramda iştiraklarını təsdiqlədikdən sonra açıqlanacaq.
Tədbirin ən diqqətçəkən hissəsi isə xüsusi axşam yeməyi olacaq.
Hər qrupda səkkiz beynəlxalq iştirakçıya iki Finlandiyalı subay şəxs qoşulacaq. Beləliklə, hər şəhərdə 10 nəfərin iştirak edəcəyi, şam işığında xüsusi axşam yeməyi təşkil ediləcək.
Yeməklər Finlandiyanın tanınmış aşpazları tərəfindən hazırlanacaq.
Helsinkidəki axşam yeməyini “Café Savoy” restoranının baş aşpazı Adela Kinnunen, Tamperedəki yeməyi isə “Bocuse d’Or” müsabiqəsində Finlandiyanı təmsil etmiş aşpaz Henri Tikkanen hazırlayacaq.
Təşkilatçılar tədbirin tanışlıq və ya evlilik məqsədli xidmət olmadığını, iştirakçılara romantik münasibət vəd edilmədiyini xüsusi vurğulayıblar.
Kampaniyada iştirak etmək istəyən namizədlər ingilis dilində video hazırlamalıdırlar. Videoda bu suala cavab verilməlidir:
“Bir axşam yeməyi görüşündə hansı yeməkləri təqdim edərdiniz və niyə?”
Müraciət üçün aşağıdakı addımlar yerinə yetirilməlidir:
Suala cavab verən qısa video ingilis dilində hazırlanmalıdır.
Video “Instagram”, “TikTok” və ya “YouTube” platformalarından birində paylaşılmalıdır.
Paylaşımda #FinnishDinnerDate həştəqi istifadə edilməli və “Visit Finland”ın müvafiq sosial media hesabı işarələnməlidir.
Rəsmi müraciət səhifəsindəki forma doldurulmalı və videonun linki əlavə edilməlidir.
Namizədlər arasından seçiləcək 16 nəfər videolarının yaradıcılığına, orijinallığına və səmimiliyinə əsasən müəyyənləşdiriləcək. Hər namizəd yalnız bir dəfə müraciət edə bilər. Finlandiyanın ödənişsiz tətil proqramına müraciətlər 10 noyabr 2026-cı il, çərşənbə axşamı, Finlandiya vaxtı ilə saat 11:59-da başa çatacaq. Seçilən 16 iştirakçıya fərdi qaydada məlumat veriləcək. Qaliblərin adları isə dekabrın 1-də “Visit Finland”ın “Instagram” və “TikTok” hesablarında açıqlanacaq.
Bəsti Rəfizadə
Sfera.az






