“Bugs Bunny” və “Daffy Duck”ın səsləndiricisi vəfat etdi
Məşhur cizgi filmi personajları “Bugs Bunny” və “Daffy Duck”ı səsləndirməsi ilə tanınan, “Emmy” mükafatlı kanadalı aktyor Erik Bauza 46 yaşında vəfat edib.
Sfera.az xəbər verir ki, sənətçinin ailəsi onun ölüm xəbərini təsdiqləyib və ətraflı məlumatın daha sonra açıqlanacağını bildirib.
Los-Anceles dairəsinin tibbi ekspertiza qurumunun məlumatlarına görə, Erik Bauza hipertenziv ürək-damar xəstəliyi səbəbindən həyatını itirib. Onun ölümünün təbii səbəblərdən baş verdiyi bildirilib.
Xatırladaq ki, Erik Bauza “Looney Tunes” cizgi filmi personajlarının müasir dövrdəki səsləndiricilərindən biri olub. O, “Bugs Bunny” və “Daffy Duck”la yanaşı, “Porky Pig”, “Tweety” və “Road Runner” kimi məşhur personajları da səsləndirib. Karyerası ərzində 400-dən çox layihədə iştirak edən sənətçi gördüyü işlərə görə üç “Emmy” mükafatına layiq görülüb.
İradə Elsevər






