"Bu baş versə, Pezeşkian istefa verəcək" - Politoloq

"Bu baş versə, Pezeşkian istefa verəcək" - Politoloq
Kateqoriya məlum deyil
T

İran parlamentində xarici işlər naziri Abbas Əraqçinin vəzifədən kənarlaşdırılmasını nəzərdə tutan impiçment sorğusu qeydiyyata alınıb. Bu barədə İran Məclisinin rəyasət heyətinin üzvü Məhəmməd Rəşidi məlumat verib.

Onun sözlərinə görə, sözügedən təşəbbüsün parlament üzvlərindən biri tərəfindən irəli sürüldüyü ehtimal edilir. Bununla belə, müvafiq sorğu gələcək müzakirələr üçün hələlik parlamentin rəyasət heyətinə təqdim olunmayıb.

Təşəbbüsün Əraqçinin Nyu-York səfəri zamanı vasitəçilərin köməyi ilə ABŞ tərəfi ilə icazəsiz danışıqlar apardığı iddiaları ilə bağlı olduğu bildirilib.

İran parlamenti bu məsələni müzakirəyə çıxararaq hansısa qərar qəbul edə bilərmi?

Əraqçinin vəzifədən uzaqlaşdırılması nə dərəcədə real görünür?

Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov Sfera.az-a açıqlamasında bildirib ki, Əraqçinin ABŞ rəsmiləri ilə keçirdiyi danışıqlar Prezident Məsud Pezeşkianın razılığı olmadan baş tuta bilməzdi:

“İranın xarici işlər naziri Nyu-Yorkda BMT Baş Assambleyasının iclasında iştirak edərkən Qətərin vasitəçiliyi ilə ABŞ rəsmiləri ilə danışıqlar aparıb. Təbii ki, bu danışıqlar Prezident Pezeşkianın razılığı olmadan keçirilə bilməzdi. Üstəlik, həmin danışıqlar ABŞ nümayəndələrinin xahişi ilə və İranın tələblərini çatdırmaq məqsədilə aparılıb. Xarici işlər naziri Əraqçı ABŞ nümayəndələrinin diqqətinə üç tələb çatdırıb. Söhbət hərbi əməliyyatların dayandırılmasından, blokadanın götürülməsindən və aktivlərin azad edilməsindən gedir. Tramp isə bu təklifləri qəbul etmədiyini bildirib. Yəni görüş tamamilə nəticəsiz olub”.

Politoloq qeyd edib ki, Əraqçinin vəzifədən uzaqlaşdırılması üçün ali dini rəhbərin razılığı tələb olunur:

“İndi xarici işlər nazirini vəzifəsindən kənarlaşdırmaq üçün mütləq ali dini rəhbərin razılığına ehtiyac var. Yalnız bu halda parlamentdə məsələyə baxıla bilər. Əgər belə bir razılıq olarsa, xarici işlər nazirinin vəzifədən uzaqlaşdırılması ehtimalı çox yüksəkdir. Ancaq burada başqa bir məsələ də var. Belə olan halda Pezeşkianın vəzifədə qalması mümkün olmayacaq. Çünki onsuz da İranın iqtisadi vəziyyəti günü-gündən ağırlaşır, problemlər həddindən artıq çoxdur və bütün ağırlıq prezidentin üzərindədir. Məsuliyyət də onun üzərindədir. Ancaq bu sahədə heç bir məsuliyyət daşımayan şəxslər barışmaz mövqe tutmaqda davam edir və İran üçün yeni problemlər yaradırlar. Bu səbəbdən çox güman ki, Pezeşkian da istefa verəcək. Bundan sonra İrandakı vəziyyətə görə məsuliyyətin kimin üzərinə düşdüyü İran əhalisinə bir daha aydın olacaq. Ali dini rəhbərin və onun ətrafındakı şəxslərin məsuliyyəti öz üzərlərindən atmaq imkanları xeyli azalacaq. Bu səbəbdən hesab edirəm ki, ali dini rəhbər razılıq verməyəcək və bu məsələ parlamentdə müzakirə olunmayacaq. Hər halda, böyük dövlətçilik ənənələrinə malik olan İran hakimiyyəti belə bir qərar qəbul etmək məcburiyyətindədir. Əks halda vəziyyət xeyli çətinləşəcək və qarışıq hala düşəcək”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR