ABŞ Orta Asiyada güclənir – Özbəkistan səfərinin arxa planı
ABŞ Prezidenti Donald Tramp Özbəkistana səfər etmək istəyir. Bunu ABŞ prezidentinin qlobal tərəfdaşlıqlar üzrə xüsusi nümayəndəsi Paolo Zampolli “Ozbekiston 24” telekanalına müsahibəsində bildirib. O ümid edir ki, bu səfər mümkün qədər tez baş tutacaq.
Lakin bu səfər bir sıra mühüm suallar doğurub. ABŞ Prezidentinin Özbəkistan səfərinə hazırlaşması bu ölkənin və ümumən Orta Asiyanın əhəmiyyətinin ABŞ üçün artdığını göstərir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, Trampın Özbəkistana səfər etmək niyyətini açıqlanması Vaşinqtonun Mərkəzi Asiyaya münasibətində müşahidə olunan fəallaşmanın daha bir göstəricisidir:
“Hələlik səfərin konkret tarixi müəyyənləşməyib. Amma buna baxmayaraq söhbət ABŞ prezidentinin Mərkəzi Asiya regionun ən mühüm dövlətlərindən birinə mümkün səfərindən gedirsə, bunun diplomatik və geosiyasi çəkisi ikitərəfli münasibətlər çərçivəsindən daha genişdir. Son dövrdə ABŞ-Özbəkistan münasibətlərində siyasi dialoqla yanaşı, iqtisadi və strateji gündəliyin də genişləndiyi görünür. 2025-ci ildə Donald Tramp və Şavkat Mirziyoyev arasında yüksək səviyyəli görüşlər keçirilib, 2026-cı ilin iyununda isə tərəflər ticarət və investisiya əməkdaşlığını sürətləndirmək barədə razılığa gəliblər. Vaşinqton və Daşkənd qarşılıqlı ticarət-investisiya sazişi üzrə danışıqları sürətləndirməyi, həmçinin kritik minerallar, enerji, mədənçilik, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığı genişləndirməyi qərara alıblar”.

Politoloq bu dinamikanın arxasında daha geniş regional maraqların dayandığını açıqlayıb:
“Mərkəzi Asiya həm enerji və xammal ehtiyatlarına, xüsusilə kritik minerallara, həm də Çin və Rusiya arasında yerləşən strateji coğrafiyaya görə ABŞ üçün mühüm əhəmiyyət kəsb edir. Vaşinqton kritik xammal təchizat zəncirlərini şaxələndirməyə və Çindən asılılığı azaltmağa çalışdığı bir vaxtda regionun mineral potensialı xüsusi əhəmiyyət qazanır. 2025-ci ildə keçirilmiş ABŞ-Mərkəzi Asiya “C5+1” sammitində də kritik minerallar, enerji, ticarət və nəqliyyat əlaqələri əsas gündəliklər sırasında olub. Özbəkistanın ayrıca əhəmiyyəti isə onun Mərkəzi Asiyanın ən böyük əhalisinə malik ölkəsi olması, iqtisadi islahatlar aparması və xarici investisiyalar üçün daha açıq mühit formalaşdırması ilə bağlıdır. Rəsmi statistikaya görə, ölkənin iqtisadiyyatı son beş ildə orta hesabla təxminən 6 faiz böyüyüb, xarici birbaşa investisiyalar isə 2021-ci ildəki 2,3 milyard dollardan 2025-ci ildə 4,4 milyard dollara yüksəlib. Odur ki, Trampın mümkün səfəri ABŞ-nin Mərkəzi Asiyada daha görünən və praktik iştirak qurmaq niyyətinin simvolik ifadəsi sayıla bilər".
Rəşad Bayramov hesab edir ki, burada məqsəd təkcə siyasi təsir imkanlarının artırılması deyil, həm də ticarət, investisiya, kritik minerallar, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində konkret əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasıdır.
"Bu proses eyni zamanda region ölkələrinə Rusiya və Çinlə münasibətləri davam etdirərək ABŞ ilə də əməkdaşlıq imkanlarını genişləndirmək üçün əlavə manevr sahəsi yaradır. Azərbaycan baxımından da bu dinamika diqqətəlayiqdir. ABŞ-nin Mərkəzi Asiyaya marağının artması Transxəzər bağlantılarının, xüsusilə Orta Dəhlizin geosiyasi və iqtisadi əhəmiyyətini artıran amillərdən biri ola bilər. Bu baxımdan Mərkəzi Asiyada baş verən proseslər Cənubi Qafqazdan və Azərbaycanın tranzit imkanlarından təcrid olunmuş şəkildə deyil, getdikcə daha çox vahid Avrasiya bağlantıları kontekstində nəzərdən keçirilə bilər”.
Bəsti Rəfizadə






