Kvebek Kanadadan ayrıla bilər

Kvebekdə keçirilən parlament seçkilərində vilayətin Kanadadan ayrılmasını və müstəqilliyini dəstəkləyən Kvebek Partiyası qalib gəlib.
Sfera.az xəbər verir ki, bu barədə “CBC News” məlumat yayıb. Seçkilərdə Kvebek Partiyası 28 faiz səs toplayaraq Milli Assambleyada 127 yerdən 59-nu əldə edib. Bununla belə, partiya parlamentdə mütləq çoxluq qazana bilməyib. Kvebek Liberal Partiyası 24,2 faiz səslə 40 mandat, Kvebek Mühafizəkarlar Partiyası isə 20,7 faiz səslə 19 mandat əldə edib. Kvebek Partiyası vilayətin dövlət suverenliyini müdafiə edir. Separatçılar ABŞ Prezidenti
Donald Trampın 2029-cu ilin yanvarında vəzifəsini tərk etməsindən və iqtisadi vəziyyətin sabitləşməsindən sonra Kvebekin Kanadadan ayrılması ilə bağlı referendum keçirməyi vəd edirlər. Lakin sorğulara əsasən, vilayət sakinlərinin yalnız 30 faizi referendum ideyasını dəstəkləyir. Separatçıların lideri Pol Sen-Pyer Plamondon qələbə çıxışında digər partiyalarla əməkdaşlığa hazır olduğunu bildirib və Kvebekin müstəqilliyinə nail olmaq istəyini bir daha vurğulayıb. Liberal Partiyanın lideri Şarl Milyar da digər siyasi qüvvələrlə əməkdaşlığa hazır olduqlarını desə də, partiyasının Kvebekin müstəqilliyi ilə bağlı referendum ideyasını dəstəkləməyəcəyini açıqlayıb. Bazar ertəsi keçirilən seçkilərdə seçici fəallığı 67,3 faiz təşkil edib.
Firuzə Əliyeva






