Portuqaliyada həyat iflic vəziyyətinə düşdü

Portuqaliyada həyat iflic vəziyyətinə düşdü
Kateqoriya məlum deyil
T

Portuqaliyada həmkarlar ittifaqlarının çağırışı ilə başlayan kütləvi tətillər ölkə miqyasında həyatı iflic vəziyyətinə gətirib.

Sfera.az xəbər verir ki, dövlət xidmətlərindən təhsilə, bələdiyyə işlərindən hava nəqliyyatına qədər bir çox sahədə fəaliyyət tamamilə dayanıb. Ümumi İşçilər Konfederasiyasına (CGTP) bağlı həmkarlar ittifaqlarının təşkil etdiyi 24 saatlıq aksiya 350 mindən çox dövlət qulluqçusunu əhatə edib. Tətilin ən ağır zərbəsi isə təhsil sektoruna dəyib. Lissabondakı Fransisko Arruda Məktəbi başda olmaqla, materikdən Azor və Madeyra muxtar bölgələrinə qədər ölkə üzrə yüzlərlə təhsil müəssisəsi kadr çatışmazlığı səbəbindən qapılarını bağlamalı olub. Aksiya təkcə təhsil deyil, həm də sosial təminat, ədliyyə, notariat əməliyyatları, səhiyyə müəssisələri və təmizlik xidmətlərində ciddi axsamalara səbəb olub.

Paytaxt Lissabonun mərkəzində – "Praça da Figueira" ilə Maliyyə Nazirliyi arasında yürüş keçirən nümayişçilər əmək hüquqlarının, iş şəraitinin və əməkhaqlarının dərhal yaxşılaşdırılmasını tələb ediblər. Dövlət sektorundakı tətillə paralel olaraq, "easyJet" aviaşirkətinin kabin heyəti də 5 günlük aksiya başlatıb. Mülki Aviasiya Uçuş Heyəti Milli Həmkarlar İttifaqından (SNPVAC) verilən məlumata görə, iştirak səviyyəsi həddindən artıq yüksəkdir və planlaşdırılan reyslərin 80% -də gecikmə və ləğvlər gözlənilir. Artıq Lissabon, Porto və Faro hava limanlarında 443 uçuşun ləğv edildiyi bildirilir. Şirkət rəhbərliyi uçuşların yarıdan çoxunu saxlayacağını vəd etsə də, həmkarlar ittifaqı tələblər yerinə yetirilməzsə, aksiyanın 19–23 Dekabr tarixlərində daha geniş şəkildə təkrar olunacağını bəyan edib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR