Türkiyədə daha 3 bələdiyyə sədri saxlanıldı

Türkiyədə daha 3 bələdiyyə sədri saxlanıldı
Kateqoriya məlum deyil
T

Türkiyədə daha 3 bələdiyyə sədri saxlanılıb.


Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mersin prokurorluğunun göstərişi ilə Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları tender və birbaşa satınalma prosedurları ilə bağlı aparılan araşdırma çərçivəsində bu səhər əməliyyat keçiriblər.


Nəticədə Bələdiyyələr Birliyinin və Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Vahap Seçer də daxil olmaqla, aralarında Yenişehir və Mezitli bələdiyyə başçılarının da olduğu 59 nəfər “korrupsiya istintaqı” çərçivəsində saxlanılıb.


Mersin Böyükşəhər Bələdiyyəsində aparılan yoxlamalar zamanı 13 tender və 63 birbaşa satınalma üzrə dövlətə ümumilikdə 330 milyon 945 min lirə zərər vurulduğu müəyyən edilib.


Mersin prokurorluğunun Yenişehir və Mezitli bələdiyyələri ilə bağlı apardığı korrupsiya istintaqında ilkin hesablamalara görə, Mezitli Bələdiyyəsində dövlətə vurulan zərərin 1 milyard 10 milyon 914 min lirəyə çatdığı, Yenişehir Bələdiyyəsində isə 105 milyon lirə zərər müəyyən edildiyi bildirilib.


Mezitli bələdiyyə başçısı Ahmet Serkan Tuncer barəsində isə əlavə olaraq, “silahlı cinayətkar qruplaşmaya rəhbərlik” ittihamı üzrə araşdırma aparıldığı qeyd olunur. İddiaya görə, o, düşmən münasibətində olduğu şəxslərin iş yerlərinə silahlı hücumlar təşkil etdirib.


Silahlı hücuma məruz qalan ünvanlar arasında Yeni Partiyanın Mersin şəhərindəki binasının və “Çağın Medya” adlı media qurumunun da olduğu bildirilib.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR