Sanksiyalar və kapital axını: Rusiyanın pul məhdudiyyətinin pərdəarxası

Rusiyada olan şəxslərə Avrasiya İqtisadi Birliyinin (AİB) üzv dövlətlərinə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana 1 milyon rubldan (20 000 manat) artıq nağd pul ixrac etmək qadağan edilib. Bu barədə Rusiya Prezidenti Vladimir Putin müvafiq fərman imzalayıb.
Qeyd edək ki, Rusiyada əvvəllər də buna bənzər qərarlar qəbul edilib.
İqtisadçı Günay Hüseynova Sfera.az-a açıqlamasında bildirib ki, müharibə şəraitində və xüsusilə sərt sanksiyalara məruz qalan ölkələrdə bu cür məhdudiyyətlərin tətbiqi iqtisadi baxımdan gözlənilən addımdır.
Onun sözlərinə görə, Qərbin sanksiyaları fonunda Rusiyadan xaricə kütləvi vəsait çıxarılması halları baş verib:
“Xüsusilə Qərbin sanksiyaları nəticəsində kütləvi şəkildə vəsaitin xaricə çıxarılması halları baş verirdi. Təbii ki, vəsaitin ölkədən çıxarılması avro, dollar və digər dəyərli beynəlxalq valyutalara konvertasiya olunurdu. Bu isə xarici valyuta ehtiyatlarının azalmasına və milli valyutanın daha da dəyər itirməsinə səbəb olurdu”.

İqtisadçı qeyd edib ki, hazırda vəsaitlərin ölkədən çıxarılması üçün istifadə olunan alternativ kanallara da məhdudiyyətlər tətbiq edilir:
“Belə ki, şirkətlər Avropa ölkələri olmasa da, digər üçüncü ölkələr vasitəsilə vəsaiti Avropaya və ya Amerikaya köçürürdülər. Yəni sistemdə bütün bunlar müəyyən olunur. Məsələn, Azərbaycana və ya hər hansı başqa ölkəyə əvvəlki illər və ya aylara nisbətən daha çox vəsait köçürülməsi, yaxud ölkədən kütləvi şəkildə çıxan xarici vətəndaşın nə qədər məbləğdə vəsaiti öz ölkəsinə apardığı müəyyən edilə bilər”.
İradə Elsevər






