Məktəblərin maliyyələşməsində YENİLİK - NƏ DƏYİŞƏCƏK?

Prezidentin imzaladığı fərmana əsasən, ümumi təhsil müəssisələrinin maliyyələşdirilməsində şagird sayına uyğun maliyyə normativlərinin tətbiqi nəzərdə tutulur.
Beləliklə, hər bir şagird üçün illik maliyyə məbləğinin müəyyənləşdirilməsi və məktəblərin maliyyələşməsinin şagird sayına əsasən hesablanması planlaşdırılır.
Bəs məktəblərin maliyyələşməsinin şagird sayına uyğun hesablanması təhsil müəssisələrinin maliyyə imkanlarına və təhsilin keyfiyyətinə necə təsir edəcək? Xüsusilə şagird sayı az olan rayon və kənd məktəblərinin maliyyələşməsi bu dəyişiklikdən necə təsirlənəcək? Şəhər və rayon məktəbləri üçün adambaşına düşən maliyyə normativlərinin fərqli müəyyənləşdirilməsi gözlənilirmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Adil Vəliyev bildirib ki, yeni sistemdə məktəbin maliyyələşməsi orada təhsil alan şagirdlərin sayına əsasən hesablanacaq:

“Bu, o deməkdir ki, artıq hansı məktəbdə neçə şagird təhsil alırsa, həmin məktəbin maliyyələşməsi də ona uyğun hesablanacaq. Məsələn, ucqar kəndlərdə və rayonlarda şagird sayı az olan məktəblərdə şagird başına düşən xərclər müəyyənləşdiriləcək və maliyyə vəsaiti buna əsasən ayrılacaq. Şəhərlərdə və rayonlarda bu rəqəmlərin fərqli olması mümkündür. Çünki şəhər, rayon və kənd məktəblərində bir şagirdə düşən maliyyə xərcləri eyni deyil. Buna görə də yeni sistemdə maliyyələşmənin hesablanması zamanı bu fərqlərin nəzərə alınması gözlənilir”.
Ekspertin sözlərinə görə, yeni maliyyələşmə mexanizmi hazırlandıqdan sonra aidiyyəti qurumlara təqdim ediləcək və təsdiq olunduqdan sonra tətbiqinə başlanılacaq.
A.Vəliyev qeyd edib ki, belə bir sistemə keçid əslində gözlənilən idi. Onun sözlərinə görə, elm və təhsil naziri Emin Əmrullayev dəfələrlə bu məsələyə toxunaraq bəzi məktəblərdə şagird sayının çox az olmasına baxmayaraq, xərclərin digər məktəblərlə eyni prinsiplə hesablandığını bildirib:
“Məsələn, bir məktəbdə beş şagird varsa, həmin məktəbə 20 min manat, digər məktəbdə 100 şagird varsa, ora da 20 min manat ayrılırsa, bu, maliyyənin düzgün bölüşdürülməməsinə səbəb ola bilər. Nəticədə bir məktəbdə maliyyə vəsaiti artıq qala, digərində isə müəyyən xərcləri qarşılamaq üçün vəsait çatışmaya bilər”.
Ekspert hesab edir ki, şagird başına düşən maliyyə normativlərinin tətbiqi ilə məktəblərin maliyyələşməsini daha şəffaf və sistemli şəkildə həyata keçirmək mümkün olacaq.
Firuzə Əliyeva






