Marsda qədim isti su izləri tapıldı

Marsda su və həyat izlərinin axtarışı davam edir.
NASA-nın “Perseverance” kosmik aparatı Qırmızı planetin keçmişdə düşünüldüyündən daha sulu və geoloji baxımdan daha aktiv olduğunu göstərən yeni məlumatlar əldə edib.
Sfera.az xəbər verir ki, “Space”in məlumatına görə, aparat Marsın “Jezero” kraterində suyun müxtəlif dövrlərdə və bir neçə dəfə süxurlarla qarşılıqlı əlaqədə olduğunu müəyyənləşdirib.
Araşdırmalar göstərib ki, bu prosesdə isti yeraltı sular da mühüm rol oynayıb. Yeni məlumatlar Marsın qədim dövrlərdə indiki vəziyyətindən xeyli daha nəm və geoloji baxımdan aktiv planet olduğunu göstərir.
Kraterin daxili kənarında yerləşən və “Margin Unit” adlandırılan ərazi daha əvvəl orbital müşahidələr zamanı müəyyən edilib. Alimlər əvvəlcə “Perseverance”ın burada qədim gölün sahilində formalaşmış çöküntü süxurları ilə qarşılaşacağını düşünürdülər.
Lakin aparat dərinliklərdə soyuyan ərimiş materialların və ya vulkanik proseslərin nəticəsində yaranan maqmatik süxurlar aşkar edib. Bu isə bölgədə su hərəkətlərinin düşünüldüyündən daha mürəkkəb tarixə malik olduğunu ortaya qoyub.
“Perseverance”ın “SuperCam” cihazı ilə aparılan analizlər ərazidə süxurların üç əsas su mərhələsindən keçdiyini göstərib.
İlk mərhələdə karbon qazı ilə zəngin yeraltı sular maqmatik minerallarla reaksiyaya girərək karbonat minerallarının yaranmasına səbəb olub.
İkinci mərhələdə qədim gölün təsiri nəticəsində tərkibində silisium olan süxurlar formalaşıb.
Son mərhələdə isə vulkanik süxurların arasında isti suyun hərəkət etdiyini göstərən kalsium-sulfat və flüorit tərkibli mineral damarlar meydana gəlib.
Yer kürəsində hidrotermal sistemlərin mikroorqanizmlərin yaşaması üçün əlverişli mühit yarada bildiyi məlumdur. Buna görə də Marsda qədim su sistemlərinin mövcud olduğu ərazilər alimlər üçün mikrob həyatının izlərini araşdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu proseslərin dəqiq olaraq nə vaxt baş verdiyi hələ müəyyən edilməyib. Bununla belə, əldə olunan nəticələr “Margin Unit” bölgəsinin yalnız qədim gölün sahilindən ibarət olmadığını göstərir.
Alimlərin fikrincə, ərazi yeraltı və səth sularının uzun müddət qarşılıqlı əlaqədə olduğu mürəkkəb geoloji mərkəz olub.
Yeni məlumatların Marsın qədim iqlimini, su tarixini və planetdə həyat üçün əlverişli şəraitin olub-olmadığını daha yaxşı anlamağa kömək edəcəyi gözlənilir.
Bəsti Rəfizadə






