Nə sərnişin götürür, nə də endirir: Bu stansiyanın sirri nədir?

Yaponiyada dağların və çayın arasında inşa edilən Seiryu Miharashi stansiyası dünyanın ən qeyri-adi dəmir yolu məntəqələrindən biri hesab olunur. Xarici əraziyə heç bir piyada bağlantısı olmayan stansiya yalnız mənzərəni izləmək məqsədilə istifadə edilir.
Sfera.az xəbər verir ki, Yaponiyada sərnişin sayı azalan kənd dəmir yolu xətləri turist cəlb etmək üçün fərqli üsullara əl atır. Nishikigawa Dəmir Yolu da Nishiki çayının mənzərəsini turistlərə göstərmək məqsədilə belə bir stansiya inşa edib.
Seiryu Miharashi stansiyasında nə qapı, nə pilləkən, nə də çölə çıxan yol var. Platformaya çatmağın yeganə yolu qatardır. Ərazidə avtomobil yolu olmadığı üçün tikinti materialları belə dəmir yolu ilə daşınıb.
Tikintisi daşqınlar səbəbindən gecikən stansiya 2019-cu ildə istifadəyə verilib. Layihəyə təxminən 1,08 milyon manat vəsait xərclənib.
Stansiyanın yaxınlıqdakı ABŞ hərbi bazasından turist cəlb etməsi və ildə təxminən 4 600 nəfərin ziyarət etməsi gözlənilirdi. Lakin nəticə gözləntiləri doğrultmayıb. Stansiyaya gələnlərin sayı ildə 1 000 nəfərə belə çatmayıb.
Stansiyadan istifadə etmək də olduqca çətindir. Adi qatarlar platformanın yanından keçərkən yalnız sürətlərini azaldır və burada dayanaraq qapılarını açmırlar.
Mənzərəni izləmək üçün stansiyada enmək istəyən sərnişinlər ayda cəmi bir dəfə hərəkət edən xüsusi turist qatarlarından istifadə etməlidirlər. Bu qatarların biletləri isə əvvəlcədən internet vasitəsilə rezervasiya olunur.
Mənsumə






