Logo

Pişiklər milyardlıq biznesə çevrildi – Dünyada yeni iqtisadiyyat yaranır

Pişiklər milyardlıq biznesə çevrildi – Dünyada yeni iqtisadiyyat yaranır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünyada pişik saxlamağa marağın artması yeni iqtisadi istiqamətin – “Catnomics”in formalaşmasına səbəb olub. Pişiklər artıq yalnız ev heyvanı deyil, qlobal bazarda milyardlarla avroluq dövriyyə yaradan iqtisadi fenomenə çevrilirlər.

Sfera.az xəbər verir ki, “Euronews”un məlumatına görə, PW Consulting şirkətinin hesabatında pişiklərin ev heyvanları iqtisadiyyatına yönələn ümumi xərclərin 38,5 faizini təşkil etdiyi bildirilir. Qida məhsulları, baytarlıq xidmətləri, oyuncaqlar, aksesuarlar və müxtəlif texnoloji cihazları əhatə edən bu bazarın həcmi 100 milyard avronu ötüb.

Bu tendensiya ABŞ-dən Yaponiyaya, Avropa ölkələrindən Çinə qədər geniş coğrafiyada müşahidə olunur.

Yaponiyada “Nekonomics” adlandırılan bu bazarın həcmi 2026-cı ildə təxminən 17 milyard avroya, yəni 3 trilyon yenə yaxınlaşıb. Kansai Universitetinin professoru Katsuhiro Miyamotunun hesablamalarına görə, bu məbləğ pişik kafelərini, müxtəlif məhsulları və digər xidmətləri əhatə edir. Yaponiya Ev Heyvanları Qidası Assosiasiyasının məlumatına əsasən, 2025-ci ildə ölkədə 8,8 milyon pişik saxlanılıb. İtlərin sayı isə 6,8 milyon olub. Bir ailənin pişiyin bütün ömrü ərzində ona orta hesabla 10 300 avro xərclədiyi bildirilir.

Avropada da pişiklərə maraq artır. FEDIAF EuropeanPetFood təşkilatının 2026-cı il hesabatına görə, 2024-cü ildə Avropada təxminən 149 milyon ailə ev heyvanı saxlayıb. Bu, ümumi ev təsərrüfatlarının 49 faizinə bərabərdir. Qitədə ümumilikdə 306 milyon ev heyvanı qeydə alınıb. Onların 111 milyonu pişik, 91 milyonu isə it olub.

Avropa bazarında pişik yemlərinin dəyəri it yemləri ilə müqayisədə daha yüksək paya malikdir. Belə ki, pişik yemləri bazarın 50 faizini, it yemləri isə 46 faizini təşkil edir. İt yemlərinin istehsal həcmi daha çox olsa da, pişik məhsullarına xərclənən vəsaitin payı yüksəkdir.

Fransa və Almaniya Avropada ən çox ev pişiyinin saxlanıldığı ölkələr sırasındadır. İtaliyada isə 2022-2025-ci illər ərzində pişik sahiblənmə göstəricisi 4,7 faiz artıb. Hazırda ölkədə ailələrdə saxlanılan pişiklərin sayı 11 milyona çatıb. ASSALCO-Zoomark 2026 hesabatına əsasən, İtaliyada pişik yemlərinə illik xərclər təxminən 2,35 milyard avro təşkil edir

ABŞ-də isə pişik sahiblənənlər arasında Z nəslindən olan kişilərin payı artır. Amerika Ev Heyvanları Məhsulları Assosiasiyasının hesabatına görə, ölkədə pişik sahiblərinin 43 faizi kişilərdir. Z nəslinin nümayəndələri arasında pişik sahiblənmə göstəricisi bir il ərzində 27 faiz yüksəlib. Ümumilikdə ABŞ-da 53 milyon ailə pişik saxlayır. Bu, ölkədəki ailələrin təxminən 39 faizidir.

Çində də pişik bazarı itlərlə bağlı bazardan daha sürətlə böyüyür. Şəhərlərdə 72,9 milyon pişik və 53,4 milyon it saxlanılır. Pişik bazarının iqtisadi dəyəri illik 5,2 faiz, it bazarı isə 3,2 faiz artır.

Maraqlı məqamlardan biri də pişiklərin yaşlanması ilə bağlı xidmətlərə tələbatın artmasıdır. “Silver Cat Economy” adlandırılan bu istiqamət xüsusilə Honkonqda inkişaf edir. Sahiblər artıq yalnız heyvanların gündəlik qidalanmasına və müalicəsinə deyil, onların ömrünün uzadılmasına, yaşlılıq dövründə sağlamlığının qorunmasına da daha çox vəsait ayırırlar.

Beləliklə, pişiklər ətrafında formalaşan iqtisadiyyat qlobal istehlak bazarının ayrıca istiqamətinə çevrilir. Sahiblənmə sayının artması ilə yanaşı, heyvanlara göstərilən xidmətlərin çeşidinin genişlənməsi və sahiblərin daha çox pul xərcləməsi bu bazarın böyüməsini sürətləndirir. Bu tendensiya ev heyvanlarına münasibətin dəyişdiyini və onların ailə həyatında daha mühüm yer tutduğunu göstərir.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR