İranda İsrailə casusluqda təqsirləndirilən şəxs edam edildi

İranda İsrailin xeyrinə casusluq etmək və İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilən Aqil Keşavərzad edam olunub.
Sfera.az xəbər verir ki, İranın Mizan agentliyinin məlumatına görə, ölüm hökmü Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra sentyabrın 20-də səhər saatlarında icra edilib.
İran hakimiyyətinin məlumatına görə, Keşavərzad 2025-ci ilin aprel-may aylarında Urmiyada yerləşən piyada diviziyasının qərargah binasını fotoşəkil çəkərkən saxlanılıb.
Onun telefonunun yoxlanılması zamanı İsraillə əlaqəsi olduğu iddia edilən və “Oşer” adı ilə özünü təqdim edən şəxslə yazışmalar aşkarlanıb. Daha sonra şübhəlinin otel otağında hərbi və təhlükəsizlik strukturlarının adları və ünvanlarının qeyd edildiyi şifrəli dəftər tapıldığı bildirilib.
İran tərəfi iddia edir ki, Keşavərzad internet vasitəsilə İsrail xüsusi xidmət orqanları ilə əlaqə saxlayıb, İsrail ordusu və “Mossad”la əməkdaşlıq edib. İstintaqın məlumatına görə, o, müxtəlif hərbi və digər obyektlər barədə məlumat toplayıb, fotoşəkillər çəkib, izləmə cihazları yerləşdirib və nəqliyyat marşrutlarını araşdırıb.
İran hakimiyyətinin məlumatına əsasən, Keşavərzad saxlanılana qədər Tehran, İsfahan, Urmiya və Şahrud şəhərlərində 200-dən çox tapşırıq yerinə yetirib.
O, həmçinin İran hakimiyyətinin “terrorçu qruplaşma” adlandırdığı “Mücahidin-e Xəlq” (MEK) təşkilatı ilə əlaqədə ittiham olunub.
İran tərəfi bildirir ki, “Mossad” Keşavərzada tapşırıqları yerinə yetirdikdən sonra kriptovalyuta ilə ödənişlər edib.
İran hakimiyyətinin açıqlamasına görə, Keşavərzad İsrail strukturları ilə əməkdaşlıq etdiyini və onlara məlumat ötürdüyünü etiraf edib. Məhkəmə iş materiallarını, o cümlədən hərbi və təhlükəsizlik obyektlərinin fotoşəkillərini, texniki məlumatları və təqsirləndirilənin ifadələrini araşdırdıqdan sonra ölüm hökmü çıxarıb.
İnci
Sfera.az






