11 sentyabr terrorundan 25 il ötür

Bu gün ABŞ-də baş vermiş ən ağır terror hücumlarının ildönümüdür. 2001-ci il sentyabrın 11-də həyata keçirilən hücumlar nəticəsində minlərlə insan həyatını itirib və hadisə ABŞ-nin, eləcə də beynəlxalq təhlükəsizlik siyasətinin sonrakı istiqamətinə ciddi təsir göstərib.
Sfera.az xəbər verir ki, 2001-ci il sentyabrın 11-də terrorçular ABŞ-də dörd sərnişin təyyarəsini qaçırıblar. Təyyarələrdən ikisi Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin Əkiz Qüllələrinə çırpılıb. Digər təyyarələrdən biri Vaşinqton yaxınlığında Pentaqona yönəldilib, dördüncü təyyarə isə Pensilvaniya ştatında qəzaya uğrayıb.
Rəsmi məlumata əsasən, həmin gün səhər saatlarında “Boeing 767” tipli iki təyyarə Ümumdünya Ticarət Mərkəzinin 110 mərtəbəli qoşa binalarına, “Boeing 757” tipli üçüncü təyyarə Vaşinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılıb. “Boeing 757” tipli dördüncü təyyarə isə Pitsburq şəhərindən 80 mil məsafədə yerə düşüb. “American Airlines” və “United Airlines” aviakompaniyalarına məxsus həmin təyyarələrin terrorçu-kamikadzelər tərəfindən qaçırıldığı bildirilib.
Terror aktı nəticəsində Nyu-York şəhərinə dəyən zərərin ümumi həcmi 36 milyard dollar təşkil edib. “Əkiz” qüllənin dağıntılarının təmizlənməsi isə 8 aydan çox vaxt aparıb. Pentaqonun binasının dağılmış qərb hissəsi 2002-ci ilin sentyabr ayında bərpa olunub.
Hücumlar nəticəsində Dünya Ticarət Mərkəzinin hər iki qülləsi dağılıb. Hadisə zamanı sərnişinlər, bina əməkdaşları, xilasedicilər və digər şəxslər arasında böyük itkilər yaşanıb. Faciə nəticəsində təxminən 3 min insan həlak olub.
Faciədən sonra ABŞ-də təhlükəsizlik tədbirləri əhəmiyyətli dərəcədə sərtləşdirilib. Hadisə ölkənin xarici siyasətinə, hava nəqliyyatında təhlükəsizlik qaydalarına və terrorla mübarizə strategiyasına da uzunmüddətli təsir göstərib.
Bəsti Rəfizadə
Sfera.az






