Tramp qadın işçilərinə 45 min dollar pul bağışlayıb

ABŞ Prezidenti Donald Trampın Ağ Evdə çalışan üç gənc qadın əməkdaşına 45 min dollar məbləğində pul hədiyyə etdiyi məlum olub.
Sfera.az xəbər verir ki, bu barədə “The Washington Post” Trampın maliyyə açıqlamalarına əsasən məlumat yayıb. Bildirilir ki, 35 yaşlı Natali Harp, 31 yaşlı Marqo Martin və 26 yaşlı Çemberlen Harrisin hər biri Trampdan 45 min dollar alıb. Sənədlərdə ödənişlər “bayram pulu" kimi göstərilib. 45 min dollar məbləği qadınların illik 150 min dollarlıq maaşının təxminən üçdə birinə bərabərdir. Natali Harp Trampın ikinci prezidentlik müddətinin ilk günündə onun icraçı köməkçisi təyin edilib. O, prezidentə maraq göstərdiyi məqalələri təqdim edir, internetdə onun axtardığı məlumatları araşdırır və “Truth Social” platformasında paylaşımların hazırlanmasına kömək edir.
Marqo Martin isə 2019-cu ildə Trampın komandasında çalışmaqla fəaliyyətə başlayıb. O, əvvəlcə mətbuat əməliyyatlarında işləyib, daha sonra Trampın mətbuat katibi olub. Hazırda prezidentin kommunikasiya üzrə müşaviri vəzifəsində çalışır. Çemberlen Harris də Trampın ilk prezidentlik dövründə onun komandasında fəaliyyət göstərib. Hazırda o, prezidentin icraçı köməkçilərindən biridir. Trampın digər əməkdaşı Oval kabinetdə əməliyyatlar üzrə direktor Uolt Nauta da prezidentdən 20 min dollar hədiyyə alıb. Onun illik maaşı 175 min dollardır.
Hədiyyələr qanun pozuntusu ola bilərmi?
Məsələ hüquq və etika ekspertlərinin də diqqətini çəkib. ABŞ prezidentinin keçmiş etik məsələlər üzrə müşaviri Riçard Peyntər bildirib ki, federal qanun dövlət qulluqçularının hökumətdən kənar mənbələrdən əlavə ödəniş almasını məhdudlaşdırır. Onun sözlərinə görə, əməkdaşların dövlət qulluğunda işləyərkən maddi vəziyyətini yaxşılaşdırmaq məqsədilə belə ödənişlər edilməsi hüquqi problem yarada bilər. Bununla belə, Barak Obama administrasiyası dövründə Hökumət Etikası Ofisinin rəhbəri vəzifəsini icra etmiş Don Foks konkret olaraq qanunun pozulub-pozulmadığının hələ müəyyən olmadığını deyib. O, eyni zamanda rəhbərdən belə böyük məbləğdə hədiyyə almağın əməkdaşlarda borcluluq hissi yarada biləcəyini vurğulayıb.
“The Washington Post”un məlumatına görə, federal əməkdaşların rəhbərlərindən bu qədər böyük məbləğdə pul hədiyyəsi alması ilə bağlı əvvəlki oxşar nümunələrə rast gəlinməyib. Xüsusilə Natali Harpin Trampa yaxınlığı yenidən diqqət mərkəzinə düşüb. O, prezident üçün internetdə məlumat axtarması və müxtəlif materialları ona təqdim etməsinə görə “Trampın insan printeri” ləqəbini alıb. Harpin 2023-cü ildə Trampa yazdığı şəxsi məktublar da daha əvvəl ABŞ mediasında müzakirələrə səbəb olmuşdu. Bu səbəbdən onun 45 min dollar məbləğində hədiyyə alan əməkdaşlardan biri olması prezidentlə gənc qadın əməkdaşları arasındakı münasibətlərlə bağlı yeni müzakirələrə yol açıb.
Firuzə Əliyeva






