Nazir: “100 dənə şeir müəyyən edək, onu uşaqlara öyrədək”

“Əsas məsələ Azərbaycan dilinin tədrisi deyil, oxunun ayrıca bacarıq kimi öyrədilməməsidir”.
Sfera.az xəbər verir ki, bunu PISA 2025 – Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanda imtahan yönümlü təhsilin oxu savadlılığına təsiri ilə bağlı suala cavabında deyib.
Emin Əmrullayev bildirib ki, PISA nəticələri ilə imtahan yönümlülük arasında birbaşa əlaqə görmür. Onun sözlərinə görə, əsas problem uzun müddət məktəblərdə oxunun ayrıca bacarıq kimi tədris edilməməsi olub.
“Biz sadəcə oxunu məktəbdə keçmirik. Yəni problem ondan ibarətdir ki, keçmirdikmi? Oxu keçməyə təzə-təzə başlamışıq, daha düzgün ifadə edim”, – nazir bildirib. Nazir qeyd edib ki, dərsliklərdə ənənəvi olaraq mətnlərin məzmunundan daha çox dil qaydalarına diqqət yetirilib.
Onun fikrincə, uşaqlara müxtəlif mətnlərlə işləmək, əsas fikri müəyyənləşdirmək, məlumatı təhlil etmək və nəticə çıxarmaq bacarıqları ayrıca öyrədilməlidir. Emin Əmrullayev dərsliklərdə şeir və bədii nümunələrin yer almasının vacibliyini inkar etmədiyini, lakin bunun oxu bacarığının tədrisi ilə eyniləşdirilməməli olduğunu vurğulayıb. “Azərbaycan şairlərinin şeirlərini hər bir vətəndaş bilməlidir.
Gəlin 100 dənə şeir müəyyən edək, onu uşaqlara öyrədək. Mənim heç bir etirazım yoxdur. Amma mən deyirəm, bunu öyrədəndə oxunu öyrətmiriksə, onda səhv edirik. Mən deyirəm, biz oxu öyrətmirik. Nə öyrətmirik, nə ölçürük, dərsliklərimizdə də bu öz əksini tapmır”, –nazir bildirib.
Firuzə Əliyeva






