PISA-da ilk: Azərbaycanda riyaziyyat üzrə qızlar oğlanları qabaqlayıb

PISA-da ilk: Azərbaycanda riyaziyyat üzrə qızlar oğlanları qabaqlayıb
Kateqoriya məlum deyil
T

Azərbaycanda PISA 2025 nəticələrində qız və oğlan şagirdlərin göstəriciləri arasında maraqlı fərq ortaya çıxıb. Riyazi savadlılıq üzrə qızlar oğlanları cüzi fərqlə də olsa qabaqlayıb.

Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 – Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı deyib.

Nazir bildirib ki, təbiət elmləri və xüsusilə oxu savadlılığı üzrə qız şagirdlərin nəticələri oğlanlardan daha yüksəkdir.

“Oxu savadlılığında qızlar orta hesabla 38 bal üstünlük göstərirlər. Dünyada da təxminən belə bir fərq mövcuddur”, – Emin Əmrullayev qeyd edib. Təqdim olunan göstəricilərə əsasən, Azərbaycanda təbiət elmləri üzrə qızların nəticəsi 416 bal, oğlanların nəticəsi isə 402 bal olub. Beləliklə, bu sahədə qızlar oğlanları 13,6 bal qabaqlayıb. Ən böyük fərq isə oxu savadlılığında qeydə alınıb.

Qızlar bu istiqamətdə 392 bal, oğlanlar isə 356 bal toplayıb. Nəticədə qızların üstünlüyü 36,1 bal təşkil edib.

Riyazi savadlılıq üzrə isə vəziyyət digər ölkələrdəki mənzərədən fərqlənir. Azərbaycanda qızlar 423 bal, oğlanlar isə 422 bal toplayıb. Beləliklə, qızların üstünlüyü cəmi 0,8 bal olub.

“Riyazi savadlılıqda ilk dəfədir ki, qızlar oğlanları keçir. Əvvəllər əsasən 4 bal civarında fərq olurdu. Amma indi biz fərqli nəticə görürük”, – deyə nazir bildirib. OECD ölkələrində mənzərə fərqlidir PISA nəticələrinin müqayisəsi göstərir ki, Azərbaycanda riyazi savadlılıq üzrə qeydə alınan bu nəticə beynəlxalq mənzərədən fərqlənir.

Belə ki, OECD ölkələrində riyazi savadlılıq üzrə oğlanlar qızlardan orta hesabla 13,1 bal yüksək nəticə göstərirlər. Azərbaycanda isə əksinə, qızların nəticəsi oğlanlardan cüzi də olsa yüksəkdir. Təbiət elmlərində də Azərbaycan üzrə mənzərə OECD ortalamasından fərqlənir. Azərbaycanda qızlar oğlanlardan 13,6 bal öndə olduğu halda, OECD ölkələrində oğlanların üstünlüyü 1,2 bal təşkil edir. Oxu savadlılığında isə həm Azərbaycanda, həm də OECD ölkələrində qızlar üstünlük göstərir.

Azərbaycanda bu fərq 36,1 bal, OECD üzrə isə 29,6 baldır. Nazir bu nəticələrin səbəblərinin araşdırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, xüsusilə oğlan şagirdlərin nəticələrinin hansı amillərin təsiri ilə formalaşdığına diqqət yetirilməlidir.

“Əsas sual, həqiqətən də, oğlanların tərbiyəsi və təhsili ilə bağlıdır. Bu sual valideynlərə də yönəlməlidir. Nə baş verir ki, 15 yaşlı yeniyetmə oğlanların gələcək göstəricilərində belə bir mənzərə yaranır?” – Emin Əmrullayev bildirib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR