Bakı üzrə şagirdlərin oxu savadlılığı səviyyələrində ciddi DƏYİŞİKLİK

PISA 2025 nəticələrində Bakı üzrə şagirdlərin oxu savadlılığı səviyyələrində də ciddi dəyişiklik qeydə alınıb. Xüsusilə aşağı nəticə göstərənlərin payının azalması diqqət çəkir.
Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 – Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı deyib.
Təqdim olunan statistikaya əsasən, Bakı üzrə oxu savadlılığında 2-ci səviyyədən aşağı nəticə göstərən şagirdlərin payı 2022-ci ildə 69,2 faiz olduğu halda, 2025-ci ildə 50,9 faizə düşüb.
Beləliklə, bu göstərici üç il ərzində təxminən 20 faiz bəndi azalıb.
Eyni zamanda, daha yüksək bacarıq səviyyələrində də artım müşahidə olunub. 3-cü səviyyədə nəticə göstərən şagirdlərin payı 31 faizə, 4-cü səviyyədə olanların payı isə 15 faizə yüksəlib.
5-ci və 6-cı səviyyələrdə, yəni ən yüksək nəticə göstərən şagirdlərin payında da artım olub. Bu göstərici 2018 və 2022-ci illərdə 0,1 faiz olduğu halda, 2025-ci ildə 0,2 faizə çatıb.
Azərbaycan üzrə ümumi mənzərədə isə şagirdlərin 65,2 faizi 2-ci səviyyədən aşağı, 24 faizi 2-ci səviyyədə, 9 faizi 3-cü səviyyədə, 0,1 faizi isə 5-ci və 6-cı səviyyələrdə qərarlaşıb.
Bakı üzrə 2-ci səviyyədən aşağı nəticə göstərənlərin 50,9 faizlik göstəricisi bir sıra region ölkələri ilə müqayisədə də daha yüksək nəticədir. Belə ki, bu göstərici Qazaxıstanda 64 faiz, Gürcüstanda 61 faiz, Ermənistanda 81 faiz, Qırğızıstanda isə 80 faizdir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə 2-ci səviyyədən aşağı nəticə göstərənlərin orta payı 31 faiz, 5-ci və 6-cı səviyyələrdə nəticə göstərənlərin payı isə 6 faiz təşkil edir.
Firuzə Əliyeva






