Tayvan silah istehsalını artıracaq

Tayvan müdafiə sənayesində istehsal imkanlarını genişləndirməyə və silah-sursat sahəsində xarici asılılığını azaltmağa hazırlaşır.
Adanın müdafiə qurumları qarşıdakı illərdə yerli istehsalın artırılması üçün böyük həcmdə maliyyə vəsaiti ayırmağı planlaşdırır.
Sfera.az xəbər verir ki, “Taipei Times”ın məlumatına görə, Tayvanın Silahlanma Bürosu 2026-2032-ci illərdə dörd müdafiə müəssisəsinin istehsal güclərinin yaradılması və genişləndirilməsi üçün 14,15 milyard Tayvan dollarından (təxminən 447,5 milyon ABŞ dolları) çox vəsait yatıracaq. Layihə çərçivəsində zirehli texnika, artilleriya sistemləri, müxtəlif növ sursatlar, partlayıcı maddələr, optik avadanlıqlar, xüsusi təyinatlı batareyalar, eləcə də kimyəvi, bioloji, radioloji və nüvə təhlükələrindən müdafiə vasitələrinin istehsalının genişləndirilməsi nəzərdə tutulur.
2026-cı ildə bu məqsədlər üçün 328,8 milyon Tayvan dollarından (təxminən 10,4 milyon ABŞ dolları) çox vəsait ayrılması planlaşdırılır. Maliyyələşmənin 2028-2030-cu illərdə ən yüksək həddə çatacağı və hər il təxminən 4,13 milyard Tayvan dolları (130 milyon ABŞ dolları) təşkil edəcəyi gözlənilir. Bu addım Tayvanın mümkün hərbi qarşıdurma şəraitində müdafiə qabiliyyətini və yerli silah-sursat təminatını gücləndirmək səylərinin bir hissəsi kimi qiymətləndirilir.
Qeyd edək ki, Tayvan 1949-cu ildən öz administrasiyası tərəfindən idarə olunur. Həmin il Çin vətəndaş müharibəsində məğlub olan Çan Kayşinin rəhbərlik etdiyi Gomindan qüvvələrinin qalıqları adaya çəkilib. Pekin Tayvanı Çin Xalq Respublikasının ayrılmaz hissəsi hesab edir. Çin hökuməti adanın gələcəkdə materik Çinlə birləşdirilməsini əsas hədəflərindən biri kimi təqdim edir.
Firuzə Əliyeva






