Oturaraq işləyənlər, diqqətli olun!

Oturaraq işləyənlər, diqqətli olun!
Kateqoriya məlum deyil
T

Böyük Britaniyada 91 mindən çox insanın göstəriciləri əsasında aparılan yeni araşdırma təhlükəli faktı üzə çıxarıb. Məlum olub ki, uzun müddət hərəkətsiz oturulan hər əlavə saat xərçəng xəstəliyindən ölüm riskini 9 faiz artırır.

Sfera.az xəbər verir ki, Şotlandiyanın Qlazqo universitetinin mütəxəssisləri tərəfindən yürütülən tədqiqat zamanı "UK Biobank" məlumat bazasında yer alan 91 mindən çox böyükyaşlı şəxsin bir həftəlik hərəkət izləmə cihazı qeydləri təxminən 12 il ərzində müşahidə olunub. Eldə edilən nəticələrə əsasən, ən azı yarım saat boyunca fasiləsiz oturulan hər əlavə saatın xərçəngdən ölüm təhlükəsini 9 faiz artırdığı müəyyən edilib.

Tədqiqat göstərib ki, uzun müddət fasiləsiz oturmaq ümumi xərçəng hallarından əlavə, piylənmə və tip-2 diabetlə bağlı olan qaraciyər, böyrək, mədəaltı vəz, yoğun bağırsaq, döş və qalxanvari vəz (tiroid) xərçəngi kimi növləri birbaşa alovlandırır.

Alimlər bildirirlər ki, uzun sürən oturma intervalını yüngül hərəkətlərlə bölmək xərçəng riskini azalda bilər. Məlumatlara görə, gün ərzində bir saatlıq oturma müddətini yüngül fiziki aktivliklə əvəzləmək xərçəngdən ölüm riskini 12 faiz aşağı salır.

Qlazqo universitetindən tədqiqatın baş müəllifi dr. Frederik Ho məsələ ilə bağlı açıqlamasında qeyd edib:

"Mövcud səhiyyə təlimatları adətən orta və ya yüksək intensivlikli məşqlərə diqqət yetirir. Lakin bizim əldə etdiyimiz nəticələr göstərir ki, oturma müddətini yüngül hərəkətlərlə bölmək belə maddələr mübadiləsi balansını qorumaqda və xərçəng riskini azaltmaqda mühüm əhəmiyyət kəsb edir".

Mütəxəssislər xəbərdarlıq edirlər ki, xüsusilə masa arxasında çalışan şəxslər gün ərzində hərəkətsiz qalmamaq üçün qısa gəzintilər etməli və oturma müddətlərini yüngül hərəkətlərlə kəsməlidirlər.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR