Acun Ilıcalı: “21 yaşında valideynsiz qaldım, 23 yaşında müflis oldum”

Türkiyənin məşhur televiziya prodüseri və aparıcısı Acun Ilıcalı həyatının ən ağır dövründən danışıb. Gənc yaşlarında həm valideynlərini itirən, həm boşanan, həm də maddi çətinliklərlə üzləşən Ilıcalı yaşadığı hadisələrin onu daha cəsarətli etdiyini bildirib.
Sfera.az xəbər verir ki, Acun Ilıcalı jurnalist Fatih Altaylının YouTube proqramına qonaq olub. O, həyatına və karyerasına dair diqqətçəkən açıqlamalar verib.
İlıcalı böyük risklərə getməkdən qorxmadığını və bunun əsas səbəblərindən birinin ölüm və maddi itki qorxusunun olmaması olduğunu deyib: “Mən çox ciddi risklərə gedə bilirəm. Bunun ən əsas səbəbi ölümdən və maddi itkidən qorxmamağımdır. Mən pulu həyatda hər zaman uğura çatmaq üçün yanacaq kimi görmüşəm. Özüm baxımından zövqlərimi sonuna qədər yaşamalıyam”.
Acun Ilıcalı gənclik illərində ard-arda yaşadığı ağır hadisələrin həyata baxışını dəyişdirdiyini söyləyib. O, 21 yaşında valideynlərini yol qəzasında itirdiyini, daha sonra boşandığını, 23 yaşında müflis olduğunu və 24 yaşında motosiklet qəzasına düşdüyünü bildirib. Həmin qəza zamanı yanında olan dostunun həyatını itirdiyini qeyd edib: “Allah həyatımın ilk dövründə mənə ağrını yaşatdı. 25 yaşıma qədər olan hissə qorxu filminə qoyula biləcək qədər dramatik idi. Valideynsiz qaldım, boşandım, 23 yaşında müflis oldum, pulsuz qaldım. 24 yaşında motosiklet qəzası keçirdim. Yanımdakı dostum həyatını itirdi.
Daha sonra isə Allah elə bir dövr nəsib etdi ki, iş həyatına başladığım gündən etibarən heç bir il əvvəlkindən daha pis olmadı”. İş həyatında böyük uğur qazandıqdan sonra da maddi imkanları həyatının mərkəzinə qoymadığını deyən Ilıcalı pulun onun üçün əsas məqsəd olmadığını vurğulayıb.
İradə Elsevər






