“Samsung” “Galaxy S26 FE” təqdim edildi: Qiyməti və xüsusiyyətləri açıqlandı

“Samsung” güclü texniki göstəriciləri süni intellekt imkanları ilə birləşdirən yeni əlçatan flaqman modeli “Galaxy S26 FE” smartfonunu rəsmi olaraq təqdim edib.
Sfera.az xəbər verir ki, yeni model 6,7 düymlük geniş ekranı və yenilənmiş texniki xüsusiyyətləri ilə diqqətçəkir. “Galaxy S26 FE” seriyanın daha münasib qiymətli modeli kimi istifadəçilərə balanslaşdırılmış avadanlıq təqdim edir.
Smartfon “Samsung” tərəfindən hazırlanmış Exynos 2500 prosessoru ilə təchiz olunub. Cihazda 8 GB RAM və 512 GB-a qədər daxili yaddaş seçimi təqdim edilir.
“Galaxy S26 FE”-nin ön hissəsində 120 Hz yenilənmə tezliyinə və 1 900 nit maksimum parlaqlığa malik 6,7 düymlük Dynamic AMOLED 2X ekran yerləşdirilib.
Smartfonun arxa panelində 50 MP əsas kamera, 12 MP ultra geniş bucaqlı kamera və 3x optik yaxınlaşdırmanı dəstəkləyən 8 MP telefoto kamera yer alır. Ön tərəfdə isə 12 MP selfi kamerası istifadə edilib.
Model həmçinin My FanCam, Photo Assist və Super Steady Video kimi Galaxy AI funksiyalarını dəstəkləyir.
“Galaxy S26 FE” 4 900 mAh batareya ilə təchiz olunub və 45 Vt sürətli naqilli enerji doldurma dəstəyinə malikdir. “Samsung” cihaz üçün 7 illik proqram təminatı dəstəyi vəd edir. Smartfon üç fərqli rəng variantında satışa çıxarılacaq.
“Galaxy S26 FE” 4 sentyabr 2026-cı ildən etibarən 699 dollar başlanğıc qiyməti ilə satışa təqdim olunacaq.
Mənsumə






