ABŞ Hərbi Dəniz Qüvvələrində İran böhranı: Büdcə tükənir

ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının Hərbi Dəniz Qüvvələrinin büdcəsinə ciddi təzyiq yaratdığı bildirilir.
Sfera.az xəbər verir ki, “The Guardian”ın əldə etdiyi sənədlərə görə, döyüş əməliyyatlarının xərclərini qarşılamaq üçün hərbi qulluqçuların maaşları üçün ayrılan vəsaitlərdən də istifadə edilib.
Bu səbəbdən bəzi maaş ödənişlərində maliyyə çatışmazlığı yarana biləcəyi barədə xəbərdarlıq edilib.
Maliyyə çətinliyi səbəbindən sahil bazalarında texniki xidmət və təmir işlərinin də təxirə salındığı bildirilib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin 2026-cı il büdcəsi təxminən 300 milyard dollar təşkil edir. Lakin büdcənin müxtəlif istiqamətləri üzrə vəsaitlərin sərbəst şəkildə köçürülməsi qanunla məhdudlaşdırılır.
ABŞ müdafiə naziri Pit Heqset İranla müharibənin ölkəyə indiyədək 35,7 milyard dollara başa gəldiyini açıqlayıb və Konqresdən əlavə maliyyə ayrılmasını istəyib.
Tramp administrasiyası Müdafiə Nazirliyi üçün 67 milyard dollarlıq təcili maliyyə paketi tələb edib. Bu vəsaitin nə qədər hissəsinin Hərbi Dəniz Qüvvələrinə ayrılacağı isə hələlik məlum deyil.
İradə Elsevər






