Süni intellekt əməliyyat zamanı cərrahlara yol göstərdi: İngiltərədə bir ilk

İngiltərədə 48 yaşlı xəstənin beyin əməliyyatı zamanı süni intellektdən real vaxt rejimində istifadə olunub. Bu, texnologiyanın belə bir əməliyyatda cərrahlara canlı şəkildə istiqamət verdiyi ilk hal kimi təqdim edilir.
Sfera.az xəbər verir ki, Rhys Hibbert adlı xəstə hipofiz vəzində aşkarlanan 11 millimetrlik xoşxassəli şişin çıxarılması üçün "University College London Hospital"da əməliyyat olunub. Həkimlər şişin görmə sinirlərinə təzyiq göstərərək görmə itkisinə səbəb ola biləcəyini bildiriblər.
Əməliyyat zamanı süni intellekt cərrahi kameradan gələn görüntüləri anlıq analiz edib, damar və sinirlər kimi kritik strukturların yerləşə biləcəyi sahələri ekranda işarələyib. Beləliklə, sistem cərrahlar üçün “ikinci bir cüt göz” rolunu oynayıb.
Süni intellekt sistemi yüzlərlə hipofiz şişi əməliyyatının videoları əsasında hazırlanıb. Videolarda damarlar, sinirlər və digər mühüm anatomik strukturlar mütəxəssislər tərəfindən işarələnib.
Bununla belə, əməliyyatla bağlı bütün qərarlar həkimlər tərəfindən verilib. Süni intellekt yalnız əlavə məlumat və istiqamət təqdim edib.
Tədqiqatçılar gələcəkdə cərrahlara ehtiyac olduqda məsləhət verə bilən, “ChatGPT kimi” işləyən süni intellekt sistemləri yaratmağı planlaşdırırlar. Texnologiyanın daha geniş klinik sınaqlarda test edilməsi nəzərdə tutulur.
Əməliyyatdan sonra Hibbertin görməsinin sürətlə yaxşılaşdığı bildirilib. O, müdaxilənin həyatını geri qaytardığını deyib.
Mənsumə






