“Apple”-da böyük dəyişiklik

ABŞ-ın texnologiya nəhəngi “Apple”şirkəti Vision Pro, Siri və bəzi proqram mühəndisliyi komandalarında təxminən 200 əməkdaşın işdən çıxarılmasına və struktur dəyişikliyinə gedib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, işdən çıxarılanların təxminən 100-ü şirkətin qarışıq reallıq cihazı Vision Pro ilə bağlı komandalarda çalışıb. “Apple” Vision Pro üçün oyunların hazırlanmasına fokuslanan komandanı böyük ölçüdə ləğv edib. Cihaza xüsusi video məzmun hazırlayan komandada da ixtisarlara gedilib.
Şirkətin bundan sonra Vision Pro üçün daha az sayda xüsusi video məzmun hazırlayacağı, platformadakı məzmun müxtəlifliyini artırmaq üçün isə üçüncü tərəf istehsalçılara daha çox imkan yaradacağı gözlənilir.
İxtisarların digər hissəsinin isə Siri və proqram mühəndisliyi komandalarına təsir etdiyi bildirilir. Siri-nin yeni texniki infrastruktura keçirilməsi ilə əlaqədar mühəndislik üzrə tələb olunan ixtisasların dəyişməsi yenidənqurmanın əsas səbəblərindən biri kimi göstərilir.
“Apple” açıqlamasında bəzi mövcud vəzifələrin ləğv ediləcəyini bununla yanaşı yeni iş yerlərinin yaradılacağını bildirib. Şirkət ixtisarlardan təsirlənən əməkdaşlara şirkət daxilində mövcud vakansiyalara müraciət etmək də daxil olmaqla keçid prosesində dəstək veriləcəyini açıqlayıb.
Şirkət bildirib ki, həyata keçirilən dəyişikliklər istifadəçilərə daha yaxşı təcrübə təqdim etmək və resursları yeni texnologiya və məhsulların ehtiyaclarına uyğun yenidən bölüşdürmək məqsədi daşıyır.
“Apple”-da baş verən ixtisarlar şirkətin komanda və resurslarını yeni istiqamətlərə yönəltməsi kimi qiymətləndirilir. Xüsusilə Vision Pro-nun gələcəyi və Siri-nin süni intellektlə gücləndirilmiş yeni texniki infrastrukturu şirkətin diqqət yetirdiyi əsas sahələr sırasında göstərilir.
Mənsumə






