Trampdan İrana sərt mesaj: “Mən onların bankiriyəm”

Trampdan İrana sərt mesaj: “Mən onların bankiriyəm”
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp İran iqtisadiyyatının ağır vəziyyətdə olduğunu və Vaşinqtonun tətbiq etdiyi təzyiqlərin Tehranı ciddi maliyyə çətinlikləri ilə üz-üzə qoyduğunu bildirib.

Sfera.az xəbər verir ki, Tramp bu barədə “Real America's Voice” radiostansiyasına müsahibəsində danışıb.

ABŞ lideri İranın inflyasiyasının 300 faizə çatdığını və milli valyutanın dəyərsizləşdiyini iddia edib. O, həmçinin İranın xaricdən borc alma imkanlarının məhdudlaşdırıldığını və ABŞ-ın Tehrana məxsus böyük həcmdə vəsaitə nəzarət etdiyini bildirib.

“Mən onların bankiriyəm”, – Tramp deyib.

Trampın sözlərinə görə, ABŞ-nin iqtisadi təzyiqləri artıq İranın hərbi imkanlarına da təsir göstərir. O, İran əsgərlərinin maaşlarının ödənilməsində problemlər yarandığını və buna görə bəzi hərbçilərin ordudan ayrıldığını iddia edib.

ABŞ Prezidenti eyni zamanda İrana qarşı “çox-çox güclü zərbə” endirilə biləcəyini də istisna etməyib.

Tramp jurnalistlərə açıqlamasında ABŞ-ın Hörmüz boğazına nəzarət etdiyini də bildirib. Onun sözlərinə görə, Tehran hakimiyyəti maliyyə baxımından “müflis vəziyyətdədir”.

İran ətrafında yaranmış qeyri-müəyyənlik dünya enerji bazarına da təsir göstərir. Hörmüz boğazından enerji tədarükünün gələcəyi ilə bağlı narahatlıqlar fonunda neft qiymətlərində artım müşahidə olunur.

ABŞ maliyyə naziri Skott Bessent də avqustun 7-də atəşkəs razılaşmasının yaxın günlərdə əldə edilə biləcəyini açıqlamışdı. O, ABŞ-nin iqtisadi təzyiq mexanizmlərinin İran üzərində ciddi təsir yaratdığını bildirib və ölkənin hərbi qüvvələrinə ödənişlərlə bağlı problemlər yaşadığını iddia edib.

Bessent İranda ərzaq inflyasiyasının 150-180 faiz arasında olduğunu da söyləyib.

Beləliklə, Vaşinqtonun İrana qarşı təzyiq siyasətində hərbi amillə yanaşı, iqtisadi rıçaqlar da əsas vasitələrdən birinə çevrilir. Hörmüz boğazı ətrafında vəziyyətin necə inkişaf edəcəyi isə həm İran iqtisadiyyatına, həm də qlobal neft bazarına birbaşa təsir göstərə bilər.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR