Çin Hindistanı tənqid etdi

Çin Hindistanın iki ölkə arasında mübahisəli olan sərhəd bölgəsində yerləşən 27 əraziyə rəsmi ad verməsinə etiraz edib. Pekin hesab edir ki, Hindistanın bu addımı ərazilərin statusunu dəyişdirmir və iki ölkə arasında mövcud fikir ayrılıqlarını daha da dərinləşdirə bilər.
Sfera.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Çinin Xarici İşlər Nazirliyi bildirib ki, Hindistanın Çin tərəfindən uzun illərdir istifadə olunan coğrafi adları dəyişdirməyə cəhd göstərməsi “qanunsuz və etibarsızdır”.
“Çinin uzun müddətdir istifadə etdiyi adları dəyişdirməyə cəhd qanunsuz və etibarsızdır və Zangnanın Çinə məxsus olması faktını dəyişdirə bilməz”, – deyə Çin Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Söhbət Çinin “Zangnan” adlandırdığı, Hindistanın isə Arunachal Pradeş ştatı kimi idarə etdiyi ərazidən gedir. Bu bölgə uzun illərdir iki ölkə arasında ərazi mübahisəsinin mərkəzində dayanır. Hindistan ərazini öz suverenliyində hesab edir, Çin isə onun üzərində ərazi iddiasını davam etdirir.
Hindistanın 27 əraziyə yeni adlar verməsi Pekinin ilk dəfə etiraz etdiyi hal deyil. Çin daha əvvəl də Hindistanın Arunachal Pradeşdəki yaşayış məntəqələri, çaylar, dağlar və digər coğrafi obyektlərin adlarını dəyişdirməsinə qarşı çıxıb. Pekin hesab edir ki, adların dəyişdirilməsi əraziyə dair iddiaları gücləndirmək məqsədi daşıyır.
Yeni gərginlik iki ölkənin münasibətlərdə sabitliyi bərpa etməyə çalışdığı bir vaxta təsadüf edib. Çin və Hindistan arasında son illərdə sərhəd məsələsi ciddi hərbi qarşıdurmalara da səbəb olub.
Xatırladaq ki, 2020-ci ildə Himalay bölgəsində baş verən ölümcül sərhəd toqquşmasından sonra iki ölkə arasında münasibətlər kəskin pisləşmişdi. Tərəflər sonrakı illərdə hərbi qüvvələrin sərhəddən geri çəkilməsi və gərginliyin azaldılması istiqamətində danışıqlar aparıblar. Buna baxmayaraq, sərhəd məsələsi hələ də Pekin və Dehli arasında əsas problemlərdən biri olaraq qalır.
Mütəxəssislərin fikrincə, ərazi adlarının dəyişdirilməsi kimi addımlar hərbi qarşıdurma yaratmasa da, tərəflərin milli və siyasi mövqelərini sərtləşdirə bilər. Xüsusilə Çin və Hindistan kimi regional güclər arasında belə simvolik addımlar gələcək danışıqlara da təsir göstərə bilər.
Məsələ eyni zamanda ABŞ və digər Qərb ölkələrinin Hindistanla strateji əməkdaşlığını artırdığı bir dövrə təsadüf edir. Hindistanın Çinin regional təsirini balanslaşdırmaq baxımından Qərb üçün əhəmiyyətli tərəfdaşlardan birinə çevrilməsi Pekin-Dehli münasibətlərinə əlavə geosiyasi ölçü qazandırır.
Hazırda tərəflər arasında əsas məqsəd sərhəddə yeni hərbi toqquşmaların qarşısını almaq və münasibətlərdə sabitliyi qorumaqdır. Lakin mübahisəli ərazilərin statusu və adlandırılması məsələsi bu prosesin qarşısında ciddi siyasi maneə olaraq qalır.
İnci
Sfera.az






