İyun və iyul tarixin ən isti ayları oldu

2026-cı ilin iyun və iyul ayları Qərbi Avropada müşahidələrin bütün tarixində ən isti aylar kimi qeydə alınıb.
Sfera.az xəbər verir ki, Avropa İttifaqının iqlim dəyişikliklərini izləyən “Copernicus” xidmətinin məlumatına görə, bu dövrdə bölgədə orta temperatur 21,62°C təşkil edib. Bu göstərici 1991–2020-ci illər üzrə iyun ayının orta temperaturundan 2,79°C yüksəkdir.
May ayından etibarən Qərbi Avropada artıq dörd istilik dalğası qeydə alınıb. Mütəxəssislər belə tez-tez təkrarlanan anomal isti hava şəraitinin region üçün qeyri-adi olduğunu bildirirlər.
İstiləşmə yalnız quru ərazilərlə məhdudlaşmayıb. İyul ayında qütb bölgələri istisna olmaqla, dünya okeanında da suyun temperaturu rekord həddə yüksəlib. 60-cı şimal və 60-cı cənub enlikləri arasındakı ərazilərdə dəniz səthinin orta temperaturu 20,96°C olub.
Bununla da 2023-cü ildə qeydə alınmış 20,89°C-lik əvvəlki rekord geridə qalıb.
İqlim proseslərinə təsir edən amillər arasında Sakit okeanın tropik hissəsində müşahidə olunan “El Niño” təbii hadisəsi də göstərilir. Proqnozlara əsasən, bu hadisənin qarşıdakı aylarda daha da güclənməsi gözlənilir.
Alimlərin fikrincə, rekord temperatur göstəricilərinin ardıcıl şəkildə yenilənməsi qlobal iqlim dəyişmələrinin sürətləndiyini bir daha nümayiş etdirir.
Firuzə Əliyeva
Sfera.az






