Ekran asılılığına qarşı yeni telefon modeli təklif edildi

Ekran asılılığına qarşı yeni telefon modeli təklif edildi
Kateqoriya məlum deyil
T

Mütəxəssislər ekran asılılığı ilə mübarizə aparmaq üçün smartfon və klassik düyməli telefon arasında yeni cihaz seqmentinin yaradılmasını təklif ediblər. Yeni nəsil telefonlarda bank tətbiqi, naviqasiya, kamera və rabitə kimi gündəlik həyatda lazım olan əsas funksiyalar olacaq. Sosial media və oyun kimi uzunmüddətli istifadəyə səbəb olan tətbiqlərin isə məhdudlaşdırılması nəzərdə tutulur.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, dr. dosent Hüseyn Haydar Kutlu Türkiyədə insanların gündəlik orta hesabla 5 saat ekran qarşısında qaldığını, gənclərdə isə bu müddətin 6-7 saata qədər yüksəldiyini bildirib. Onun sözlərinə görə, xüsusilə inkişaf dövründə olan uşaqların uzun müddət ekrana məruz qalması diqqət və fokuslanma müddətinə mənfi təsir göstərə bilər.

Kutlu yeniyetmələrdə həddindən artıq ekran istifadəsinin yuxu və emosional problemləri artırdığını, həmçinin depressiyaya meyilliliyə təsir edə biləcəyini qeyd edib. O, ekran asılılığının uşaqların həm təhsil həyatına, həm də sosial münasibətlərinə mənfi təsir göstərə biləcəyini vurğulayıb.

Mütəxəssis xüsusilə 0-6 yaş arasında uşaqların ekrandan mümkün qədər uzaq tutulmasının vacibliyini bildirib. Valideynlərə sadəcə qadağa qoymaq əvəzinə uşaqlara oyun, idman, sosial fəaliyyət və üz-üzə ünsiyyət kimi alternativlər təqdim etmək tövsiyə olunub.

Kutlu həmçinin uşaqların hansı tətbiqlərdən istifadə etdiyinə diqqət yetirməyin vacib olduğunu deyib. Onun sözlərinə görə, oğlanlarda oyun, qızlarda isə sosial media asılılığı daha çox müşahidə oluna bilər.

Kutlu hesab edir ki, ekran asılılığının həlli smartfonlardan tamamilə imtina etmək deyil. Bunun əvəzinə insanların gündəlik ehtiyaclarını qarşılayan, lakin asılılıq yaradan tətbiqləri məhdudlaşdıran yeni telefonlar hazırlana bilər.

Belə bir cihaz istifadəçiyə bank əməliyyatlarını həyata keçirmək, naviqasiyadan istifadə etmək, foto çəkmək və əlaqə saxlamaq imkanı verəcək. Eyni zamanda sosial media və oyunların məhdudlaşdırılması ekran qarşısında keçirilən vaxtın azalmasına kömək edə bilər.

Mütəxəssis bu cür telefonlara xüsusilə uşaqlarının ekran istifadəsini azaltmaq istəyən valideynlər arasında tələbat ola biləcəyini və bu istiqamətdə yerli telefon modelinin də hazırlana biləcəyini bildirib.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR