Keçmiş XİN rəhbəri rüşvət şübhəsi ilə istintaqa cəlb olundu – 3 il həbs təhlükəsi

Macarıstanın keçmiş xarici işlər naziri Peter Siyarto ilə bağlı rüşvət iddiası üzrə araşdırma Budapeşt polisinə göndərilib.
Sfera.az xarici mediaya istnadən xəbər verir ki, prokurorluq daxil olan şikayətdə rüşvət alma cinayətinin əlamətlərinin ola biləcəyini bildirib.
Siyarto parlamentdən getdiyi üçün deputat toxunulmazlığını da itirib. İttiham sübuta yetirilərsə, keçmiş nazir üç ilədək həbs cəzası ilə üzləşə bilər.
İşin diqqətçəkən tərəfi isə Siyartonun siyasi fəaliyyətindən sonra Çinin elektrik avtomobil istehsalçısı "BYD" şirkətində vəzifəyə keçməsidir. Macarıstan hakimiyyəti eyni zamanda BYD-yə verilən dövlət subsidiyaları ilə bağlı araşdırma aparır.
Siyarto nazir olduğu dövrdə BYD-nin Macarıstandakı investisiyalarının cəlb edilməsində və dövlət dəstəyinin təmin olunmasında mühüm rol oynayıb. Bu səbəbdən onun sonradan şirkətdə yüksək vəzifəyə keçməsi maraqlar toqquşması ilə bağlı suallar doğurub.
Araşdırmanın nəticəsinin keçmiş nazirin taleyinə necə təsir edəcəyi isə hələlik məlum deyil.
Qeyd edək ki, Peter Siyarto 23 sentyabr 2014-cü ildən 9 may 2026-cı ilədək Macarıstanın xarici işlər və ticarət naziri vəzifəsini tutub. O, bu müddət ərzində Macarıstanın xarici siyasətində əsas fiqurlardan biri olub.
İnci
Sfera.az






