Rusiyadan ölkəni tərk edən vətəndaşlarla bağlı YENİ QƏRAR

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin avqust ayında qüvvəyə minən yeni qanunlardan danışıb. Yeni dəyişikliklər arasında ölkəni tərk etmiş vətəndaşlara qarşı məhdudiyyətlərin tətbiqi, veteranların sosial təminatının genişləndirilməsi və yanacaq bazarının sabitləşdirilməsi ilə bağlı tədbirlər yer alır.
Sfera.az “TASS”-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ölkədən çıxmış və cəzadan yayınan şəxslərə qarşı müvəqqəti məhdudlaşdırıcı tədbirləri nəzərdə tutan qanunu imzalayıb.
Qanun Rusiyanı tərk etmiş və Rusiya Cinayət Məcəlləsinin hər hansı maddəsi üzrə məhkum edilmiş və ya inzibati məsuliyyətə cəlb olunmuş vətəndaşlara şamil ediləcək.
Məhdudiyyətlər arasında Rusiya ordusunu “gözdən salmaq”, “xarici agent”lərlə bağlı cərimələri ödəməmək, “arzuolunmaz təşkilatların” fəaliyyətində iştirak etmək və ölkənin ərazi bütövlüyünə qarşı çağırışlar kimi əməllərlə bağlı məsuliyyətə cəlb olunan şəxslər də var.
Belə şəxslərə qarşı bir sıra müvəqqəti tədbirlər tətbiq ediləcək. Onlara Rusiyada dövlət xidmətlərindən, xaricdə isə konsulluq xidmətlərindən istifadə imkanının məhdudlaşdırılması, o cümlədən pasport və etibarnamə verilməsindən imtina edilə bilər.
Bundan əlavə, daşınmaz əmlak və nəqliyyat vasitələrinin satışına qadağa qoyulması, bank hesablarının dondurulması və bank tətbiqlərinə girişin məhdudlaşdırılması nəzərdə tutulur.
Qanun avqustun 4-də rəsmi dərc edildiyi gündən qüvvəyə minib.
İnci
Sfera.az






