Trampdan mübahisəli qərar: ABŞ-də doğulan əcnəbilər vətəndaş olmayacaq?

ABŞ Prezidenti Donald Tramp doğumla əldə olunan vətəndaşlıq hüququnu məhdudlaşdıran iki yeni prezident fərmanı imzalayıb.
Sfera.az xəbər verir ki, Tramp Ağ Evdəki Oval Ofisdə keçirilən imza mərasimində ABŞ Konstitusiyasının 14-cü düzəlişi ilə təmin edilən doğumla vətəndaşlıq hüququna dair yeni qaydaları təsdiqləyib.
Yeni fərmanlardan biri doğumla ABŞ vətəndaşlığı əldə edə bilməyəcək şəxslərin kateqoriyasını genişləndirir. Digər fərman isə uşağına ABŞ vətəndaşlığı qazandırmaq məqsədilə müvəqqəti viza ilə ölkəyə gələn şəxslərə yönəlmiş "doğum turizmi" praktikasının qadağan edilməsini nəzərdə tutur.
İmza mərasimindən əvvəl danışan Tramp bildirib ki, doğumla vətəndaşlıq hüququnun məqsədi tarixən kölə ailələrində doğulan uşaqların hüquqlarını qorumaq idi.
"Bu hüquq kölələrin uşaqları üçün nəzərdə tutulmuşdu. İndi isə insanlar bundan biznes qurmaq üçün istifadə edirlər. Məqsəd bu deyildi", – ABŞ prezidenti vurğulayıb.
Tramp həmçinin ABŞ Ali Məhkəməsinin doğumla vətəndaşlıq hüququ ilə bağlı son qərarlarını tənqid edərək, mövcud vəziyyətin "ədalətsiz" olduğunu və buna görə yeni tənzimləmələrin həyata keçirildiyini bildirib.
Xatırladaq ki, ABŞ Ali Məhkəməsi bu ilin iyun ayında doğumla vətəndaşlıq hüququnun ABŞ Konstitusiyası ilə qorunduğunu əsas gətirərək Tramp administrasiyasının bu hüququ məhdudlaşdırmaq cəhdlərinin qarşısını almışdı.
Qeyd edək ki, Tramp ikinci prezidentlik dövrünün ilk günündə də oxşar məzmunlu fərman imzalamışdı. Həmin sənəd ABŞ-yə qanunsuz yolla daxil olan və ya müvəqqəti vizalarla ölkədə yaşayan şəxslərin ABŞ ərazisində doğulan uşaqlarının avtomatik vətəndaşlıq əldə etməsinin qarşısını almağa yönəlmişdi.
Firuzə Əliyeva
Sfera.az






