“Apple” sentyabrda böyük sürprizlərə hazırlaşır

“Apple” sentyabr ayında keçirəcəyi ənənəvi təqdimat mərasimində bir sıra yeni məhsullarını təqdim etməyə hazırlaşır.
Sfera.az xəbər verir ki, tədbirin əsas diqqət mərkəzində “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modelləri ilə yanaşı, şirkətin ilk qatlana bilən smartfonu olacaq. Yeni Pro modellərinin daha kiçik Dynamic Island dizaynı, təkmilləşdirilmiş kamera sistemi və güclü A20 Pro prosessoru ilə təqdim ediləcəyi gözlənilir. Həmçinin daha böyük batareya və yenilənmiş texniki xüsusiyyətlər səbəbindən bu modellərin qiymətində 100-200 ABŞ dolları artım ola biləcəyi bildirilir.
“Apple”-ın ilk qatlana bilən modelinin isə “iPhone Ultra” adı ilə təqdim olunacağı iddia edilir. Cihazın açıldıqda 7,8 düymlük ekrana sahib olacağı, Touch ID təhlükəsizlik sistemi və 2 nanometrlik A20 çipi ilə təchiz ediləcəyi qeyd olunur. Onun qiymətinin 2-2,5 min ABŞ dolları arasında olacağı proqnozlaşdırılır.
Bundan başqa, təqdimatda “Apple Watch Series 12” və daha incə dizayna malik “Apple Watch Ultra 4”modellərinin də nümayiş etdirilməsi gözlənilir. Standart “iPhone 18”modelinin isə bu tədbirdə təqdim olunmayacağı və 2027-ci ilin yazında satışa çıxacağı bildirilir.
Qeyd edək ki, təqdimatın 8 və ya 9 sentyabr tarixlərində keçirilməsi, ön sifarişlərin 11-12 sentyabrda başlaması, cihazların isə 18 sentyabrdan etibarən satışa çıxarılması gözlənilir.
Mənsumə






