Milyonları təşvişə salan gün: Yer kürəsində nə baş verəcək?

Dünyanın müxtəlif ölkələrində sosial şəbəkələrdə aylardır müzakirə olunan “12 avqust 2026-cı ildə Yerin cazibə qüvvəsi 7 saniyəlik yox olacaq” iddiası tarix yaxınlaşdıqca yenidən gündəmə gəlib.
Sfera.az xəbər verir ki, “TikTok”, “İnstagram” və digər platformalarda yayılan paylaşımlarda avqustun 12-də Yerin cazibə qüvvəsinin qısa müddətə tamamilə yox olacağı iddia edilir. Hətta bəzi videolarda insanların və əşyaların 15-20 metr hündürlüyə qalxacağı, cazibə qüvvəsi bərpa olunduqdan sonra isə böyük fəlakətin yaşanacağı irəli sürülür.
İddiaların yayılmasından sonra “12 avqustda nə baş verəcək?”, “Yerin cazibə qüvvəsi həqiqətən yox olacaqmı?” və “İnsanlar havaya qalxacaq?” kimi suallar da geniş müzakirə olunmağa başlayıb.
Lakin NASA bu məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb. Qurumun nümayəndəsi təsdiqləyib ki, Yerin cazibə qüvvəsinin yox olacağına dair heç bir elmi sübut və ya müşahidə mövcud deyil.
Sosial şəbəkələrdə yayılan iddialara görə, hadisənin 12 avqust saat 14:33 UTC-də (Azərbaycan vaxtı ilə təxminən 18:33-da) baş verəcəyi və bunun təxminən 7 saniyə davam edəcəyi bildirilir.
Bəzi paylaşımlarda NASA-nın bu hadisədən əvvəlcədən xəbərdar olduğu, lakin məlumatı ictimaiyyətdən gizlətdiyi də iddia edilir. Hətta “Project Anchor” (“Çapa Layihəsi”) adlı gizli əməliyyatın həyata keçirildiyi və bunun üçün milyardlarla dollar xərcləndiyi də qeyd olunur.
NASA isə bildirib ki, bu açıqlamalar tamamilə əsassızdır. Qurum xatırladıb ki, bu məsələ ilə bağlı rəsmi açıqlama hələ 2026-cı ilin yanvar ayında verilib və həmin vaxt da iddialar təkzib olunub.
Mütəxəssislərin sözlərinə görə, Yerin cazibə qüvvəsi planetin kütləsindən asılıdır. Cazibə qüvvəsinin birdən-birə yox olması üçün Yerin okeanları, atmosferi, nüvəsi və ümumilikdə bütün kütləsinin eyni anda yox olması lazımdır. Bu isə fizika qanunlarına görə mümkün deyil.
Həmçinin sosial şəbəkələrdə haqqında danışılan “Project Anchor” adlı gizli layihənin mövcudluğunu təsdiqləyən heç bir etibarlı elmi və ya rəsmi mənbə yoxdur. Mütəxəssislər vurğulayırlar ki, sosial mediada geniş yayılması hər hansı iddianın doğru olduğu anlamına gəlmir.
Mənsumə






