Rusiya yenidən Ukraynaya zərbələr endirdi

Rusiya Ukraynaya qarşı növbəti genişmiqyaslı raket və pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirib. Paytaxt Kiyev və ətraf bölgələrə edilən hücumlar nəticəsində azı 17 nəfər ölüb, 44 nəfər yaralanıb.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya gecə saatlarında Kiyev və ətrafını ballistik raketlər, eləcə də PUA-larla hədəfə alıb.
Ukrayna Prezidenti Volodimir Zelenski hücum nəticəsində ölən və yaralananların olduğunu təsdiqləyib. Kiyev rəhbərliyi paytaxtda yaşayış binaları və anbarların zərər gördüyünü, hava həyəcanı siqnallarının bir saatdan çox davam etdiyini açıqlayıb.
Kiyev meri dağıntılar altında insanların qala biləcəyini bildirib. Yaralananlardan dördünün vəziyyətinin ağır olduğu qeyd edilib.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya hücum zamanı 24 ballistik raket, 4 gəmi əleyhinə raket və 115 pilotsuz uçuş aparatı buraxıb. PUA-lardan 98-i məhv edilsə də ballistik raketlərin qarşısını almaq mümkün olmayıb.
Hücum nəticəsində Kiyev vilayətinin Brovarı, Buça və Fastiv rayonlarında çoxsaylı anbar və müəssisələrdə yanğın baş verib. Yanğınların söndürülməsi üçün xilasedicilər saatlarla mübarizə aparıblar.
Artan ballistik raket hücumları fonunda Ukrayna hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədilə müttəfiqlərindən ABŞ istehsalı olan Patriot hava hücumundan müdafiə sistemləri üçün əlavə raketlər istəyib.
Rusiya Müdafiə Nazirliyi isə hücumlar zamanı Kiyev və ətrafındakı logistika mərkəzləri, silah anbarları və PUA istehsalı müəssisələrinin hədəf alındığını açıqlayıb. Nazirlik həmçinin Odessa sahilləri yaxınlığında silah və hərbi yüklər daşıdığı iddia edilən üç yük gəmisinin də vurulduğunu bəyan edib.
Mənsumə






