"Yay qripi"nə tutulanların sayı artıb - Səbəb NƏDİR?

Son günlərdə, havaların isti keçməsinə baxmayaraq, qızdırma, boğaz ağrısı, asqırma və öskürək kimi şikayətlərlə bağlı müraciətlər artıb.
İnfeksionist Aytən Ziyadova Sfera.az-a açıqlamasında bildirib ki, yay aylarında temperaturun yüksək olmasına baxmayaraq, infeksiyaların artması insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi ilə bağlıdır:
"İnsanların daha çox qapalı, kondisionerli məkanlarda vaxt keçirməsi, eləcə də isti havadan soyuq mühitə kəskin keçid yoluxma riskini artıran əsas amillərdəndir".

İnfeksionist qeyd edib ki, cəmiyyətdə "yay qripi" kimi tanınan hal əslində ayrıca xəstəlik deyil:
"Bu termin yay mövsümündə rast gəlinən müxtəlif virus mənşəli tənəffüs yolu infeksiyalarını ifadə edir. Yay aylarında enteroviruslar, rinoviruslar, adenoviruslar və digər respirator viruslar yüksək temperaturda da yoluxmaya səbəb ola bilir.
İnfeksiyalar əsasən burun tutulması, asqırma, öskürək, boğaz ağrısı, halsızlıq və qızdırma ilə özünü göstərdiyini deyən infeksionist vurğulayıb ki, xəstəliklərin əksəriyyəti virus mənşəli olduğundan antibiotiklər yalnız həkim göstərişi ilə qəbul edilməlidir".
Həkim yoluxma hallarının azaldılması üçün öz tövsiyələrini də verdi:
"İnfeksiyalardan qorunmaq üçün gigiyena qaydalarına əməl etmək, qapalı məkanları havalandırmaq, kifayət qədər maye qəbul etmək və xəstə şəxslərlə yaxın təmasdan çəkinmək vacibdir".
İradə







