Logo

Dünyada jurnalistlər üçün təhlükəli ölkələr: Öldürülənlər, həbsə atılanlar...

Dünyada jurnalistlər üçün təhlükəli ölkələr: Öldürülənlər, həbsə atılanlar...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünyanın bir sıra ölkələrində jurnalistlər peşə fəaliyyətlərinə görə təqib olunur, fiziki zorakılığa məruz qalır, həbs edilir və hətta öldürülür.

Xüsusilə müharibə və silahlı qarşıdurmaların yaşandığı ərazilərdə, eləcə də korrupsiya, mütəşəkkil cinayətkarlıq və siyasi proseslərlə bağlı araşdırmalar aparan jurnalistlərin həyatı ciddi təhlükə altındadır. Beynəlxalq təşkilatların statistikası göstərir ki, son illərdə media nümayəndələrinə qarşı zorakılıq və təzyiqlər qlobal problem olaraq qalıb.
Sfera.az xəbər verir ki, Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) 2025-ci il üzrə hesabatına əsasən, ötən il dünyada 129 jurnalist və media əməkdaşı öldürülüb. Bu, təşkilatın 30 ildən artıq müddətdə apardığı müşahidələr üzrə ən yüksək göstəricidir.

Hesabata görə, öldürülən jurnalistlərin 86-sı İsrailin hərbi hücumları nəticəsində həyatını itirib. Bu hallar əsasən Qəzza zolağı ilə əlaqəlidir. Sudan 9 jurnalistin ölümü ilə siyahıda sonrakı yerlərdə qərarlaşıb. Meksikada 6, Ukraynada Rusiya qüvvələrinin hücumları nəticəsində 4, Filippində isə 3 jurnalist öldürülüb.

Müharibə şəraitində olmayan ölkələr arasında Meksika jurnalistlər üçün təhlükəli mühitin mövcud olduğu dövlətlərdən biri kimi diqqət çəkib. Burada xüsusilə narkotik kartelləri, korrupsiya və yerli hakimiyyət orqanlarının fəaliyyəti ilə bağlı araşdırmalar aparan media nümayəndələri hədəfə çevrilirlər. CPJ-nin məlumatına görə, 2025-ci ildə ölkədə öldürülən 6 jurnalistin qətlinin heç biri hesabat hazırlanarkən tam açılmayıb.

Sudanda isə davam edən silahlı qarşıdurmalar media nümayəndələrinin həyatını təhlükə altına qoyub. Ötən il ölkədə öldürülən 9 jurnalist və media əməkdaşından ən azı beşinin hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələrinin istifadə etdiyi dron hücumları nəticəsində həyatını itirdiyi bildirilib.

Filippində də jurnalistlər əsasən siyasi korrupsiya, yerli idarəetmə və mütəşəkkil cinayətkarlıqla bağlı araşdırmalarına görə təhdidlərlə üzləşirlər. Hindistan, Pakistan, Banqladeş və Kolumbiyada da jurnalistlərin peşə fəaliyyəti ilə əlaqəli qətllər qeydə alınıb.

Jurnalistlərə qarşı təzyiqlər yalnız fiziki hücum və qətllərlə məhdudlaşmır. Bir sıra ölkələrdə media nümayəndələri müxtəlif ittihamlarla həbs edilir, onların fəaliyyətinə məhdudiyyətlər qoyulur. Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) 1 dekabr 2025-ci il tarixinə olan məlumatına görə, dünyada 47 ölkədə 503 jurnalist həbsdə saxlanılıb.

Həbsdə olan jurnalistlərin sayına görə Çin ilk sırada yer alıb. Ölkədə 121 jurnalistin həbsdə olduğu bildirilib. Rusiyada bu göstərici 48, Myanmada isə 47 nəfər təşkil edib. Eyni hesabatda İsraildə 20 fələstinli jurnalistin həbsdə olduğu qeyd olunub.

Jurnalistlərin fiziki zorakılığa məruz qalması halları da davam edir. Məsələn, CPJ-nin 2026-cı il oktyabrın 15-də yaydığı məlumata görə, Hindistanda seçki komissiyasının rəhbərinə qarşı keçirilən etirazları işıqlandıran azı 43 jurnalist müvəqqəti saxlanılıb. Onlardan bəzilərinin fiziki zorakılığa məruz qaldığı bildirilib. İşğal altındakı İordan çayının qərb sahilində isə iki jurnalistin saxlanılmasından əvvəl israilli məskunlaşanların hücumuna məruz qaldığı barədə məlumat yayılıb.

Bundan başqa, jurnalistlərin oğurlanması və itkin düşməsi də ciddi problemlərdən biridir. RSF-nin 2025-ci il hesabatına əsasən, dünyada 135 jurnalist itkin düşmüş hesab edilib. Onlardan 37-si Suriyada, 28-i Meksikada, 12-si isə İraqda qeydə alınıb. Suriyada itkin düşən jurnalistlərin bir qisminin əvvəlki hakimiyyət dövründə və İŞİD tərəfindən saxlanıldığı bildirilib.

Jurnalistlərə qarşı törədilən cinayətlərin cəzasız qalması isə problemin daha da dərinləşməsinə səbəb olur. UNESCO-nun məlumatına görə, 2006-2025-ci illərdə dünyada 1600-dən çox jurnalist öldürülüb. Bu qətllərin təxminən 86 faizinin hüquqi baxımdan həll olunmadığı qeyd edilib.

Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) 2026-cı il noyabrın 2-dək açıqladığı məlumatda isə cari ilin əvvəlindən indiyədək peşə fəaliyyəti ilə əlaqəli 15 jurnalist və media əməkdaşının öldürüldüyü bildirilib. Onlardan 5-i Fələstində, 5-i Livanda, 2-si Kolumbiyada, 2-si Yəməndə, 1-i isə Somalidə həyatını itirib.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR