Tayvan ABŞ ilə gizli hərbi əməkdaşlığın detallarını açıqladı

Tayvan ilk dəfə indiyədək məxfi saxlanılan ABŞ ilə hərbi əməkdaşlığın bəzi detallarını açıqlayıb.
Sfera.az bildirir ki, bu barədə Tayvanın müdafiə naziri Vellinqton Ku "The Wall Street Journal" nəşrinə müsahibəsində danışıb.
Nazirin sözlərinə görə, ABŞ hərbçiləri Tayvana yalnız silah satmır, həm də döyüş təcrübəsinin paylaşılması və ordunun mümkün münaqişələrə hazırlığının artırılması istiqamətində dəstək verir.
"İctimaiyyət yalnız silah satışını görür. Əslində isə əməkdaşlıq çoxşaxəlidir və daha geniş sahələri əhatə edir. Hərbi mübadilə proqramları sayəsində ABŞ-dən böyük həcmdə praktiki döyüş təcrübəsi əldə etmişik", – deyə Ku bildirib.
Bununla yanaşı, müdafiə naziri vurğulayıb ki, Tayvanın Çinlə mümkün qarşıdurma halı üçün hazırladığı planlarda ABŞ Silahlı Qüvvələrinin birbaşa iştirakı nəzərdə tutulmur.
Pentaqon və ABŞ-nin Hind-Sakit Okean Komandanlığı isə Tayvan rəsmisinin açıqlamalarını şərh etməkdən imtina edib.
Xatırladaq ki, bundan əvvəl Çin Avropa tərəfini Cənubi Çin dənizi ilə bağlı bəyanatlarında ehtiyatlı olmağa və Pekinin "qanunsuz qərar" adlandırdığı mövqeyi dəstəkləməkdən çəkinməyə çağırmışdı.
İnci
Sfera.az






