Hansı şirkətlər investorları milyonçu edib? - Ən BAHALI SƏHMLƏR

Son 20 ildə qlobal fond bazarlarında ən yüksək gəlir gətirən şirkətlərin siyahısı açıqlanıb. Texnologiya sektorunun sürətli inkişafı, süni intellekt və rəqəmsal xidmətlərə artan tələbat bəzi şirkətlərin səhmlərini rekord həddə yüksəldib.
Sfera.az xəbər verir ki, son 20 ilin ən gəlirli səhmləri arasında ilk yeri çip istehsalçısı “NVIDIA” tutur. Şirkətin səhmləri bu dövrdə təxminən 68 min faizdən çox bahalaşıb. Onu “Broadcom”, “Netflix”, “Tesla”, “Apple”, “Amazon” və “Microsoft” izləyir.
Maliyyə analitiklərinin hesablamalarına görə, 20 il əvvəl “Apple” səhmlərinə yatırılan 1 000 dollar bu gün təxminən 176 min dollar dəyərində olardı. Eyni dövrdə “NVIDIA” kimi şirkətlərə edilən uzunmüddətli investisiyalar isə bundan da yüksək gəlir təmin edib.
Bununla yanaşı, nominal qiymət baxımından dünyanın ən bahalı səhmi hələ də investor Uorren Baffetin rəhbərlik etdiyi “Berkshire Hathaway” şirkətinin A sinfi səhmləri (BRK.A) hesab olunur. Şirkət illər ərzində səhmlərini bölmədiyi üçün bir səhm yüz minlərlə dollar dəyərindədir.
Ekspertlər bildirirlər ki, son 20 ilin rekord gəlirlərinin əsas səbəbləri süni intellekt texnologiyalarının inkişafı, bulud xidmətlərinin geniş yayılması, yarımkeçirici sənayesinə artan tələbat və rəqəmsal iqtisadiyyatın sürətli böyüməsi olub.
Mütəxəssislər vurğulayırlar ki, keçmişdə əldə olunan yüksək gəlirlər gələcəkdə eyni nəticələrin təkrarlanacağına zəmanət verməsə də, uzunmüddətli və düzgün seçilmiş investisiya strategiyası fond bazarında yüksək qazanc əldə etməyin əsas amillərindən biri olaraq qalır.
Firuzə Əliyeva
Sfera.az






