Yeni trend: arıqlama iynələri hamıya keçərlidir?

Son illər artıq çəkidən xilas olmaq istəyənlərin ən çox müraciət etdiyi vasitələrdən biri də arıqlama iynələridir.
Sosial şəbəkələrdə və reklam platformalarında “möcüzəvi arıqlama üsulu” kimi təqdim olunan bu preparatlar qısa müddətdə çəki itirmək istəyənlərin diqqətini cəlb edir. Lakin tez bir zamanda arıqlama iynələri ilə artıq çəkidən azad olmağın sağlamlığa necə təsir etməsi ilə bağlı suallar da gündəmdədir.
Maraqlıdır, bu preparatlar hansı hallarda təyin edilir? Təbii arıqlamaq metodları daha təhlükəsiz və effektivdir, yoxsa arıqlama iynələri daha üstün nəticə verir?

Məsələ ilə bağlı həkim-diyetoloq Günay Həsənova Sfera.az-a açıqlama verib. O bildirib ki, arıqlama iynələri mütləq hər bir pasiyent üçün fərdi qaydada təyin olunur:
“İlk növbədə qeyd etmək lazımdır ki, burada yaş həddi, çəki dərəcəsi, boy, bədən kütlə indeksi və orqanizmdəki bütün qan göstəriciləri çox mühüm rol oynayır. Sadəcə artıq çəkiyə əsaslanaraq və ya heç bir müayinədən keçmədən arıqlama iynələrindən istifadə etmək düzgün deyil. Çünki hər bir insanın yaşına, sağlamlıq vəziyyətinə və analiz nəticələrinə uyğun olaraq həm arıqlama proqramı, həm də iynələrin vurulma dozası tamamilə fərqli olur. Bundan əlavə, burada əsas rol oynayan amillərdən biri qanda olan insulin səviyyəsi və digər hormon göstəriciləridir. Bu səbəbdən həmin preparatlar yalnız həkimin nəzarəti altında təyin edilməli və istifadə olunmalıdır. Müalicə müddətində pasiyentin vəziyyəti mütəmadi izlənilməli, preparatın dozasının artırılması və ya azaldılması barədə qərarı isə yalnız həkim verməlidir. Pasiyentin müalicəsinin gedişatına və dərmanın təsirinə nəzarət məhz mütəxəssis tərəfindən aparılmalıdır”.
Mütəxəssisin iynələrdən istifadə zamanı ən vacib olan məqamı da qeyd edib:
“Burada ən vacib hormonlardan biri qanda olan insulindir. Çünki düzgün qiymətləndirilmədən istifadə olunan arıqlama iynələri ciddi fəsadlara səbəb ola bilər. Əgər insanın insulin səviyyəsi normal olduğu halda bu preparatlardan həkim məsləhəti olmadan, kor-koranə istifadə edilərsə, qanda şəkərin və insulin balansının pozulması nəticəsində həyati təhlükə yarana, hətta pasiyent koma vəziyyətinə qədər çata bilər. Bu arıqlama iynələrindən daha çox insulin müqaviməti və ya insulinlə bağlı müəyyən problemləri olan şəxslər fayda görə bilərlər. Lakin bu da o demək deyil ki, həmin şəxslər preparatdan özbaşına istifadə etməlidirlər. Əksinə, bütün hallarda qanın ümumi analizləri, hormonal göstəricilər və digər laborator müayinələrin nəticələri qiymətləndirilməli, yalnız bundan sonra həkim tərəfindən uyğun müalicə planı müəyyən edilməlidir. Məhz bu göstəricilər həkim üçün ən əsas qərarvermə meyarları hesab olunur”.
Bəsti Rəfizadə
