Tanınmış aktrisa avtomobil qəzasında öldü

“Godzilla vs. Kong” və “Godzilla x Kong: The New Empire” filmlərində canlandırdığı “Jia” obrazı ilə tanınan 19 yaşlı amerikalı aktrisa Kayli Hott nəqliyyat qəzası nəticəsində həyatını itirib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, eşitmə məhdudiyyətli aktrisa ABŞ-nin Merilend ştatının Frederik dairəsinin İcamsvill (Ijamsville) qəsəbəsində baş verən ağır yol qəzasında dünyasını dəyişib. Məlumata görə, Kayli Hottlun sərnişin olduğu avtomobil yüksək sürətlə hərəkət edərkən idarəetmədən çıxaraq yeraltı keçidin beton divarına çırpılıb. Ağır xəsarətlər alan gənc aktrisa xəstəxanaya aparılarkən yolda vəfat edib.
Avtomobildə olan digər sərnişin tibbi yardımdan imtina edib, 19 yaşlı sürücü isə yüngül xəsarətlə xəstəxanaya çatdırılıb. Kayli Hottlun ölüm xəbərini atası Coşua Hottl sosial şəbəkədə işarə dili ilə paylaşdığı videoda təsdiqləyib. O bildirib ki, qızının xəstəxanaya çatdırılarkən vəfat etdiyi barədə məlumat alıb. Qeyd edək ki, Kayli Hottl aktyorluq karyerasına 2017-ci ildə reklam çarxı ilə başlayıb.
O, 2021-ci ildə nümayiş olunan “Godzilla vs. Kong” filmində Konqla işarə dili vasitəsilə ünsiyyət quran “Jia” obrazı ilə dünya şöhrəti qazanıb. Aktrisa 2024-cü ildə ekranlara çıxan “Godzilla x Kong: The New Empire” filmində də eyni obrazı canlandırıb. Gənc aktrisa uğurlu performansına görə “Saturn” mükafatının “Ən yaxşı gənc aktyor” nominasiyasına namizəd göstərilmiş, həmçinin “Magnum P.I.” serialında da rol alıb. Onun vaxtsız ölümü Hollivud ictimaiyyətində və pərəstişkarları arasında dərin kədərə səbəb olub.
Bəsti Rəfizadə
