Humanoid robotlar döyüşə hazırlanır

Humanoid robotlar döyüşə hazırlanır
Kateqoriya məlum deyil
T

ABŞ-ın Foundation Future Industries şirkəti tərəfindən hazırlanan süni intellektlə işləyən Phantom adlı humanoid robotlar Ukraynada sahə sınaqlarından keçirilib. Şirkət 2027-ci ilə qədər bu robotların silahlandırılaraq quru əməliyyatlarında istifadəsini hədəfləyir.

Sfera.az xəbər verir ki, şirkətin baş direktoru Sankaet Pathak Ukraynada həyata keçirilən pilot sınaqların uğurla başa çatdığını bildirib. Onun sözlərinə görə, növbəti mərhələdə gələn ilin əvvəlindən etibarən robotların silahlı ssenarilər üzrə sınaqlarına başlanılması planlaşdırılır.

Məlumata görə, humanoid robotlar ilk növbədə kəşfiyyat, bina təmizləmə, təhlükəli ərazilərdə hərəkət, sursat və avadanlıqların daşınması kimi yüksək riskli tapşırıqları yerinə yetirmək üçün hazırlanır. Şirkət hesab edir ki, bu texnologiya quru müharibəsində dəqiqliyi artıracaq, eyni zamanda insan itkilərinin və mülki əhali üçün risklərin azalmasına kömək edəcək. Bununla yanaşı, robotların pilotsuz uçuş aparatlarını əvəz etməsi deyil onları tamamlaması nəzərdə tutulur.

Şirkət hazırda daha təkmil Phantom 2 modelinin hazırlanması üzərində çalışır. Yeni nəsil robotun daşıma qabiliyyəti 30 kiloqramdan 80 kiloqrama çatdırılıb zərbəyə davamlılığı xeyli artırılıb, həmçinin toz və suya qarşı daha güclü müdafiə sistemi ilə təchiz edilib. Robotların süni intellekti isə böyük dil modelləri əvəzinə fiziki mühiti analiz edərək hərəkətləri əvvəlcədən proqnozlaşdıra bilən xüsusi “dünya modeli” texnologiyası əsasında fəaliyyət göstərir.

Digər tərəfdən, BMT ölümcül muxtar silah sistemlərinin yaratdığı təhlükələrlə bağlı narahatlığını davam etdirir. Təşkilat insan nəzarəti olmadan hədəf seçən və ölümcül qərarlar verən sistemlərlə bağlı beynəlxalq hüquqi tənzimləmələrin hazırlanmasının vacibliyini vurğulayır.

Qeyd edək ki, Foundation Future Industries şirkətinin investorları arasında ABŞ prezidenti Donald Trampın oğlu Erik Tramp, eləcə də bir sıra tanınmış vençur kapital şirkətləri yer alır.

Mənsumə

Sfera.az

PAYLAŞ