İranda qadınlara yeni icazə: motosiklet sürə biləcəklər

İranda qadınlara motosiklet sürücülük vəsiqəsinin verilməsi ilə bağlı uzun müddətdir müzakirə olunan məsələ müsbət həllini tapmaq üzrədir. Ölkədə ilk qadın motosiklet sürücülük vəsiqələrinin yaxın günlərdə təqdim ediləcəyi gözlənilir.
Sfera.az xəbər verir ki, bu barədə İran Tələbələr Xəbər Agentliyinə danışan məsul şəxs Behruzazer məlumat verib.
Onun sözlərinə görə, qadınların motosiklet idarə etməsinə icazə verilməsi təşəbbüsü İran parlamentinin deputatları və din xadimləri tərəfindən dəstəklənib. Behruzazer bildirib ki, dini alimlər qadınların motosiklet sürməsinin mahiyyət etibarilə haram olmadığı qənaətinə gəliblər.
O xatırladıb ki, ölkədə qadın pilotlar və ağır yük avtomobili sürücüləri fəaliyyət göstərir. Buna görə də motosikletin də sadəcə bir nəqliyyat vasitəsi kimi qiymətləndirilməsi vacibdir.
Behruzazer qeyd edib ki, Yol Polisi ilə keçirdiyi son görüş zamanı ilk qadın motosiklet sürücülük vəsiqəsinin artıq çap olunduğunu öyrənib. Əslində vəsiqələrin mart ayından etibarən verilməsi planlaşdırılırdı. Lakin iyun ayında başlayan müharibə səbəbindən proses dayandırılıb.
Onun sözlərinə görə, bu ay ilk qadın motosiklet sürücülük vəsiqəsinin təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulsa da, müharibə şəraiti buna imkan verməyib. Son qiymətləndirmələrə əsasən, vəsiqələrin məhz bu ay ərzində verilməsinə başlanacağı gözlənilir.
Behruzazer vurğulayıb ki, qadınlara motosiklet sürücülük vəsiqəsinin verilməsi üçün qanunvericilikdə hər hansı dəyişiklik edilməsinə ehtiyac yoxdur. O bildirib ki, mövcud qanunlarda qadağa deyil, tətbiqlə bağlı boşluq mövcud idi və bu məsələ inzibati tənzimləmələrlə aradan qaldırılıb.
Bundan əlavə, qadın motosiklet idmançıları və beynəlxalq yarışlarda medal qazanmış idmançıların ilk təlimatçılar kimi fəaliyyət göstərəcəyi açıqlanıb. Onlar sürücülük vəsiqəsi almaq istəyən qadınların hazırlanmasında iştirak edəcəklər.
Qeyd edək ki, indiyədək mövcud məhdudiyyətlərə baxmayaraq, İranda bəzi qadınların motosiklet idarə etdiyi məlumdur.
Bəsti Rəfizadə
Sfera.az
