2026 magistratura seçimi: Ən perspektivli ixtisaslar hansılardır?

2026 magistratura seçimi: Ən perspektivli ixtisaslar hansılardır?
Kateqoriya məlum deyil
T

Dövlət İmtahan Mərkəzi (DİM) 2026/2027-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyən bakalavrlar üçün ixtisaslaşma seçimini elan edib.

DİM-dən bildirilib ki, bakalavrlar iyulun 20-dən 26-dək (saat 23:59-dək) magistraturaya qəbul üzrə ixtisaslaşma seçimində iştirak etmək üçün DİM-in elektron xidmətlər portalında “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ni doldurmalı və təsdiq etməlidirlər.

Maraqlıdır, bu il ən perspektivli hesab olunan ixtisaslar hansıdır? Magistraturaya qəbul olanlar ən çox hansı ixtisasları seçəcəklər?

Bununla bağlı təhsil eksperti Elçin Əfəndi Sfera.az-a açıqlama verib. O, bu il hansı ixtisasların daha çox üstünlük təşkil edəcəyini açıqlamasında qeyd edib:

“Bu il informasiya texnologiyaları yönümlü sahələrə marağın daha yüksək olacağı gözlənilir. Xüsusilə MBA proqramları çərçivəsində təklif olunan süni intellekt, proqram təminatı, rəqəmsal biznes, məlumatların idarə olunması və digər müasir texnologiya istiqamətli ixtisaslara qəbul zamanı daha çox müraciətin olacağını deyə bilərəm. Son illərdə əmək bazarında bu sahələrə tələbatın artması da namizədlərin seçimlərinə birbaşa təsir göstərir. Bununla yanaşı, səhiyyə, iqtisadiyyat, hüquq və texniki istiqamətlər üzrə ixtisaslara da marağın yüksək olacağı gözlənilir. Həmin sahələr həm dövlət, həm də özəl sektorda geniş iş imkanları yaratdığı üçün namizədlər tərəfindən daha çox seçilən istiqamətlər sırasındadır”.

Ekspert magistraturaya qəbul olan şəxslərin ixtisas seçimində çox diqqətli olmasını və bunun səbəbini qeyd edib:

“Çünki builki qəbul prosesində ikinci cəhd imkanı da nəzərə alındığından müsabiqədə iştirak edənlərin sayı artıb. Bu isə rəqabətin əvvəlki illərlə müqayisədə daha gərgin keçəcəyini deməyə əsas verir. Məhz buna görə də namizədlər seçim edərkən yalnız öz əsas ixtisaslarına deyil, əmək bazarında perspektiv və tələbatın yüksək olduğu digər ixtisas sahələrinə də diqqət yetirməlidirlər. Seçim zamanı həm şəxsi maraqlar, həm də gələcək karyera imkanları nəzərə alınarsa, bu, gələcək peşə fəaliyyətində daha uğurlu nəticələrin əldə edilməsinə şərait yarada bilər”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ