Dağlara yerləşdirilən nəhəng güzgülərin səbəbi hər kəsi təəccübləndirəcək

Dağlara yerləşdirilən nəhəng güzgülərin səbəbi hər kəsi təəccübləndirəcək
Kateqoriya məlum deyil
T

Norveçin Telemark bölgəsində yerləşən Rjukan qəsəbəsi qeyri-adi mühəndislik həlli ilə dünyanın diqqətini çəkib.

Sfera.az xəbər verir ki, Rjukanda yaşayanlar ilin təxminən altı ayı ərzində birbaşa günəş işığı görə bilmirlər. Bunun səbəbi qütb iqlimi deyil, qəsəbəni əhatə edən yüksək dağlardır.

Bu problemə tapılan həll isə olduqca maraqlıdır. Dağın yamacına yerləşdirilən nəhəng güzgülər günəş şüalarını qəsəbənin mərkəzi meydanına əks etdirir.

Qəsəbənin qurucusu Sam Eyde 1913-cü ildə günəş işığını şəhərə çatdırmaq üçün nəhəng “günəş güzgüsü” layihəsini irəli sürüb. Lakin həmin dövrdə texnologiyanın kifayət qədər inkişaf etməməsi səbəbindən ideyanı həyata keçirmək mümkün olmayıb.

Təxminən bir əsr sonra Rjukanda yaşayan sənətçi Martin Andersen layihəni yenidən gündəmə gətirib. İnkişaf edən texnologiyanın imkanları sayəsində sistem 2013-cü ildə istifadəyə verilib və 100 il əvvəl irəli sürülən ideya nəhayət reallığa çevrilib.

Dağın təxminən 450 metr hündürlüyündə yerləşdirilən üç kompüterlə idarə olunan heliostat gün ərzində Günəşin hərəkətini izləyərək şüaları qəsəbənin mərkəzindəki meydana yönəldir.

Hər biri 17 kvadratmetr ölçüsündə olan güzgülər təxminən 600 kvadratmetrlik ərazini təbii günəş işığı ilə işıqlandıra bilir. Əks olunan işığın intensivliyi isə birbaşa günəş işığının 80-100 faizə qədərinə çata bilir.

Layihənin əsas məqsədi bütün qəsəbəni günəş işığı ilə təmin etmək deyil. Sistem xüsusilə qış aylarında insanların bir araya gələrək təbii günəş işığından faydalana biləcəyi bir məkan yaratmaq üçün qurulub.

Mənsumə

Sfera.az

PAYLAŞ