Yaponiyada ölüm baş verən evlərə maraq artır

Yapon mədəniyyətində narahat ruhların uzun müddət bədbəxtlik gətirə biləcəyinə inanılır. Digər dünyaya keçən "narahat" ruhların uzun müddət bu dünyada qaldığı və bədbəxtlik gətirdiyi deyilir. Xüsusilə də pis bir ölüm baş veribsə, həmin ruh bu dünyada "ilişib" qala bilər. Pis ölümlərin baş verdiyi evlər digər evlərlə müqayisədə pis nüfuza malikdir.
Sfera.az bildirir ki, son illərdə kirayə ev qiymətlərinin artması insanların "pis aura" və ya "ruhlu" evlərə maraq göstərməsinə səbəb olub. Bir şirkət də bu evləri pis ruhlardan təmizləməyə başlayıb.
Yapon mədəniyyətində böyük bədbəxtliyin yalnız qətl, intihar və ya ölüm kimi hadisələrdən sonra baş verəcəyi düşünülür. Buna görə də, pis hadisələrin baş verdiyi evlər ictimaiyyət arasında o qədər də populyar deyil. Əslində, bu evlərə xüsusi bir ad verilir və daşınmaz əmlak qanununa görə, satıcılar evdə baş verən faciəni izah etməlidirlər.
Lakin bu vəziyyət son zamanlar dəyişməyə başlayıb. Bunun səbəbi iqtisadiyyatdır.
Daşınmaz əmlak qiymətləri artdıqca, "pis aura"ya malik bəzi evlər daha çox diqqət çəkməyə başlayıb.
"Ruhlu" evlər 10-20 % endirimlə təklif olunur.
Bu daha ucuz evlərə üstünlük verən insanlar özlərini pis ruhlardan qorumaq üçün bu sahədə ixtisaslaşmış bir şirkətə də müraciət edirlər. Şirkət "kabuslu" evləri araşdırmaqda ixtisaslaşıb və kirayəçilərin qorxularını aradan qaldırmaq və əmlakın dəyərini qorumaq üçün cin çıxarma rituallarını həyata keçirir.
2022-ci ildə daşınmaz əmlak agenti Kazutoşi Kodama "kabuslu evlər"i araşdırmaqda ixtisaslaşmış “Kachimode” şirkətini təsis edib. “Kachimode”nin veb saytındakı məlumata görə, bu günə qədər yüzlərlə ev yoxlanılıb və pis ruhlardan təmizlənib.
Mediaya verdiyi müsahibədə Kodama komandasının adətən hər bir əmlakda bir neçə gün keçirdiyini və anomaliyaları aşkar etmək üçün elmi metodlardan istifadə etdiyini bildirir.
Onlar istilik kameralarından, video və audio yazıcılardan və elektromaqnit sahə ölçən cihazlardan istifadə edirlər.
Şirkət evdə pis ruhların olub-olmadığını aşkar etmək üçün texnologiyadan istifadə etdiyini bildirir. Otaq temperaturu, rütubət, səs-küy, hava təzyiqi və hava axını kimi amillər ətraflı izlənilir. Daha sonra şirkət "heç bir paranormal hadisənin müşahidə olunmadığını" təsdiqləyən sertifikat verir. Onların veb saytındakı məlumata görə, belə bir yoxlama üçün ən son qiymət gündə 80.000 - 150.000 (540 ABŞ dollarından 1000 ABŞ dollarına qədər) arasında dəyişir.
Bir hekayəyə görə, Çiba prefekturasındakı bir evdə bir ana intihar edib və oğlu da orada ölüb. Kodamanın araşdırması zamanı kompüterin qəfildən söndüyü və bir daha açılmadığı deyilib. Evdə təxminən 20 gecə qalan qrup kiçik elektromaqnit anomaliyalarının aşkarlandığını bildirib. Bu evə "təhlükəsiz" sertifikat verilməyib.
Yaponiyada evləri kirayə verilməyən bəzi ev sahibləri Buddist rahiblərini və ya Şinto keşişlərini cin çıxarma mərasimləri üçün evlərinə dəvət edirlər. Kahinlər bir müddət evdə yaşayır və evi pis ruhlardan təmizləyirlər.
Aynil
