2026-cı ilin ən ucuz tətil məkanları açıqlandı

2026-cı ildə yeni ölkələr kəşf etmək istəyən, lakin yüksək xərclərdən çəkinən səyahətçilər üçün büdcəyə uyğun tətil istiqamətləri açıqlanıb. Yaşayış, nəqliyyat və yemək xərclərinin münasib olması ilə seçilən bu ölkələr həm təbiəti, həm tarixi, həm də zəngin mədəniyyəti ilə diqqət çəkir.
Sfera.az xəbər verir ki, səyahətçilərin qiymətləndirmələrinə əsasən, 2026-cı ilin ən sərfəli tətil marşrutları aşağıdakılardır:
1. Laos – Gündəlik büdcə: 15-20 ABŞ dolları
Sakit atmosferi, yaşıl təbiəti, qədim məbədləri və münasib qiymətli yaşayış imkanları ilə Laos büdcəli Uzaq Şərq səyahəti üçün ən sərfəli ölkə hesab olunur.

2. Nepal – Gündəlik büdcə: 15-25 ABŞ dolları
Himalay dağlarının möhtəşəm mənzərələri, zəngin mədəni irsi və əlverişli qiymətləri ilə Nepal təbiət və macəra həvəskarlarının ən çox seçdiyi istiqamətlərdən biridir.

3. Vyetnam – Gündəlik büdcə: 20-35 ABŞ dolları
Ləzzətli küçə yeməkləri, füsunkar təbiəti və münasib qiymətləri ilə Vyetnam Uzaq Şərqdə büdcəyə uyğun tətil üçün ideal seçimlər sırasında yer alır.

4. Kamboca – Gündəlik büdcə: 22-35 ABŞ dolları
Tarixi məbədləri, isti iqlimi və sərfəli yaşayış imkanları ilə Kamboca həm mədəniyyət, həm də təbiət həvəskarlarını cəlb edir.
5. Boliviya – Gündəlik büdcə: 25-35 ABŞ dolları
Möhtəşəm təbii landşaftları və zəngin yerli mədəniyyəti ilə Boliviya Cənubi Amerikada münasib büdcə ilə səyahət etmək istəyənlər üçün əlverişli seçimdir.
6. İndoneziya (Bali istisna olmaqla) – Gündəlik büdcə: 25-40 ABŞ dolları
Tropik adaları, zəngin mədəni irsi və sərfəli yaşayış imkanları ilə İndoneziya ekzotik tətil axtaranların diqqətini cəlb edir.

7. Şri-Lanka – Gündəlik büdcə: 25-40 ABŞ dolları
Çimərlikləri, çay plantasiyaları və vəhşi təbiəti ilə seçilən Şri-Lanka həm istirahət, həm də təbiət turizmi üçün münasib qiymətli istiqamətlərdəndir.
8. Hindistan – Gündəlik büdcə: 25-40 ABŞ dolları
Tarixi abidələri, rəngarəng mədəniyyəti və zəngin mətbəxi ilə Hindistan az büdcə ilə fərqli təcrübə yaşamaq istəyən səyahətçilər üçün cəlbedici ölkələrdən biridir.

9. Albaniya – Gündəlik büdcə: 35-50 ABŞ dolları
Firuzəyi dənizi, tarixi şəhərləri və münasib qiymətli istirahət imkanları sayəsində Albaniya Aralıq dənizi sahillərində büdcəyə uyğun tətil üçün seçilən məkanlardandır.
10. Bosniya və Herseqovina – Gündəlik büdcə: 35-55 ABŞ dolları
Tarixi şəhərləri, təbii gözəllikləri, zəngin mətbəxi və münasib qiymətli otelləri ilə Bosniya və Herseqovina Avropada sərfəli tətil üçün ən populyar istiqamətlərdən biri hesab edilir.
Qeyd edək ki, göstərilən gündəlik büdcəyə əsasən yaşayış, yemək-içmək və yerli nəqliyyat xərcləri daxildir. Beynəlxalq aviabiletlərin qiyməti isə səyahət tarixindən və marşrutdan asılı olaraq dəyişə bilər.
Mənsumə
