Uşaqlarda hər səpgi ağcaqanad sancması olmaya bilər

Yay aylarında uşaqların açıq havada daha çox vaxt keçirməsi ilə birlikdə həşərat sancmaları da artır. Lakin mütəxəssislər bildirirlər ki, uşaqların dərisində yaranan hər qızartı və ya səpgi ağcaqanad sancması ilə əlaqəli olmaya bilər. Buna görə də dəridə yaranan dəyişikliklər diqqətlə qiymətləndirilməlidir.
Sfera.az xəbər verir ki, bağda, parkda və ya piknikdən sonra uşaqların dərisində yaranan qızartılar təkcə ağcaqanad deyil, birə, qazon gənəsi, arı və gənə kimi müxtəlif həşəratların sancması nəticəsində də meydana çıxa bilər. Mütəxəssislərin sözlərinə görə, yalnız səpginin görünüşünə əsasən hansı həşəratın buna səbəb olduğunu müəyyən etmək həmişə mümkün olmur.
Bildirilir ki, ağcaqanad sancmaları adətən kiçik və qaşınan qabarcıqlar şəklində özünü göstərsə də bəzi uşaqlarda daha geniş qızartı və şişkinlik yarana bilər. Birə sancmaları əsasən ayaq və topuq nahiyəsində müşahidə olunur. Otlu ərazilərdə rast gəlinən qazon gənələri güclü qaşınan səpgilərə səbəb olduğu halda, arı sancmaları qəfil ağrı və nəzərəçarpacaq şişkinliklə müşayiət edilir. Gənə sancmaları isə digər həşərat sancmalarından fərqli qiymətləndirilməli və xüsusi diqqət tələb edir.
Mütəxəssislər vurğulayırlar ki, eyni həşərat müxtəlif uşaqlarda fərqli reaksiyalar yarada bilər. Bunun əsas səbəbi uşaqların immun sisteminin həşəratların tüpürcəyindəki bəzi maddələrə daha həssas reaksiya verməsidir. Nəticədə bəzilərində kiçik qabarcıqlar əmələ gəldiyi halda, digərlərində geniş qızartı, şişkinlik və bir neçə gün davam edən qaşınma müşahidə oluna bilər.
Sancılan nahiyənin sabun və su ilə təmizlənməsi, daha sonra isə qısa müddət soyuq kompres tətbiq edilməsi qaşınma və şişkinliyi azaltmağa kömək edir. Bununla yanaşı nahiyənin qaşınması dərinin zədələnməsinə və infeksiya riskinin artmasına səbəb ola bilər. Həkim məsləhəti olmadan antibiotik və ya kortizon tərkibli kremlərdən istifadə etmək də tövsiyə edilmir.
Mütəxəssislər bildirirlər ki, səpgi sürətlə böyüyərsə, yüksək hərarət, irinli axıntı, güclü ağrı, nəfəs almaqda çətinlik, üz və dodaqlarda şişkinlik yaranarsa və ya dəriyə yapışmış gənə aşkar edilərsə, vaxt itirmədən tibbi yardım almaq vacibdir.
Mənsumə
